Tərbiyəçilərin və tərbiyəsizlərin məhv etdiyi gələcək nəsil – dəhşətin videosu haqqında…

Xalid KAZIMLI

O kadrlarda görünən körpələr dünyanın istənilən millətindən olsa belə, ona soyuqqanlı baxmaq mümkün deyil.

Hətta bağça tərbiyəçiləri hazırda düşmənçilik münasibətində olduğumuz erməni millətindən olsaydı və onlar öz xalqının övladlarını o günə qoysaydı da, heç bir vicdanlı adam onlara haqq qazandıra, “yaxşı eləyirlər” deyə bilməzdi.

Geçəkdən ürək parçalayan görüntülərdir. Özləri də ana olası yaşda olan qadınlar bir damcı uşaqları təpə-qapaz edir, dürtmələyir, qollarından yapışıb silkələyirlər, yanlarına şapalaq çəkirlər.

Hələ daha pisi də var. Biz yalnız görüntüləri görürük, videokamera səsləri yaxşı qeydə almır. Amma açıq-aşkar hiss olunur ki, tərbiyəçilər uşaqların üstünə qışqırır, onları söyür, qorxudur.

Arada onları sıraya düzüb divara söykəyirlər. Körpə uşaqlar zəhmli tərbiyəçilərin qorxusundan evdəki ərköyünlüklərini dərhal yerə qoyur, tərbiyəçilərə itaət göstərirlər, çünki bilirlər ki, bu xalalar onların anası deyil, ətlərindən ət qoparar, saçlarından yapışıb sürüyərlər.

Bəzən adama elə gəlir ki, bunlar “Baharın on yeddi anı” filmində körpə uşağı şaxtalı havada açıq pəncərə önünə qoyan (anasından ifadə almaq üçün) faşist qadın Varvaranın davamçılarıdır.

Yəni 3-4 yaşlı məsum cocuqlara qarşı bu qədər də qəddarlıq olarmı?

Söz yox, tərbiyəçilik çox çətin peşədir. Qadınların çoxu öz dəcəl uşaqlarının öhdəsindən gələ bilmədikdə onlara fiziki, psixoloji təzyiq göstərir, bunu da edə bilməyəndə öz-özlərini qarğayırlar.

Amma görüntülərdə durum fərqlidir: tərbiyəçilər sakitcə dayanmış, yaxud nə etmək, harada durmaq lazım olduğunu bilməyən uşaqlara da fiziki təzyiq göstərirlər. Heç bir ehtiyac olmadığı halda.

Aydınca görünür ki, uşaqlar onları qəzəbləndirəcək bir şey etmirlər, aqressiya bu qadınlarn canındadır.

Yaxşı, bu körpələrin valideynləri nə pislik ediblər? Çoxlu pul ödəyiblər, o qadınlara iş yeri açılıb və onlar bu balacalara tərbiyə verərək, bəsit şeylər öyrədərək pul-para qazanır, öz övladlarını böyüdürlər. Belədirsə, onları bu günə qoymağın adı nədir? Ağlabatan bir səbəb yoxdur, ola bilməz.

O qadınlar, sadəcə olaraq, özləri bağça, hətta ailə və cəmiyyət tərbiyəsi almamış adamlardır, bilmirlər ki, qıçları boyda olan uşaqla (hətta onu özün dünyaya gətirmiş olsan belə) bu cür davranmaq olmaz.

Bu görüntülər dünyanın bütün mədəni ölkələrində ajiotaj doğurardı. Şükür ki, bu, bizdə də ajiotaj doğurub, ictimaiyyət, media bu görüntülərə biganə qalmayıb.

Amma bu, azdır. Hətta o qadınlar, bağçanın müdiriyyəti, bu “gestapo-bağça”ya lisenziya verən və ya lisensiyasız fəaliyyət göstərməsinə göz yuman hər kəs cəzalandırılsa da, azdır.

Avropa ailəsinə intqerasiya olunmaq istəyən ölkədə belə görüntülər olmamalıdır. Avropada insanların öz övladlarıyla belə yüksək səslə, əmr, təzyiq tonunda danışılmasına icazə verilmir, belə təşəbbüslər ciddi şəkildə cəzalandırılır. Ən azı təzyiqə məruz qalan uşağı valideynlərdən alır, dövlət himayəsinə verirlər.

Necə də ironik haldır ki, bu hadisə “uşaqlar gələcəyimizdir”, “dünyanı uşaqlara verək”, “körpələri elə böyüdək ki, daima xoşbəxt olsunlar” kimi şablon ifadələrin minlərlə dəfə təkrarlandığı gündən on gün keçməmiş meydana çıxıb.

Bu, bizim ölkədə uşaqlara bu cür münasibət (hədə-qorxu, zor, təzyiq) göstərildiyinə aid minlərlə epizoddan yalnız biridir.

Bu, o deməkdir ki, bu ölkədə uşaqlar gözüqıpıq böyüyürlər, onlar böyüyəndə də “tərbiyəçilər”dən və tərbiyəsizlərdən qorxacaqlar. Çünki onların gözünün odunu uşaq bağçasında, ibtidai siniflərdə alıblar.

Sonra da durub “biz niyə bu gündəyik, niyə ölkəmizdə şüurlu, iradəli, cürətli vətəndaş yetişmir” deyə öz-özümüzə suallar veririk.

Deyəsən, cavabı aydın olur: tərbiyəçilər qoymurlar.musavat.com

  DİGƏR XƏBƏRLƏR