Ərdoğan: Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun 1918-ci ildə həyata keçirdikləri əməliyyatlar bugünkü müstəqilliyin təməlini qoyub

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti deyib: “Dəyərli qardaşlarım, bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir.

Osmanlı dövlətinin imzaladığı Mudros atəşkəs müqaviləsi təəssüf ki, bu dairələrə fürsət verib və Qafqaz İslam Ordusunun bu torpaqlardan çəkilməsinə yol açıb. Bundan daha da ağrılısı odur ki, həmin dövrdə eyni dairələr Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymaq üçün böyük səy göstəriblər. Təəssüf ki, müstəqilliyinin bərpasından 22 ay sonra bu məsələdə uğur qazanıblar.

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.

  DİGƏR XƏBƏRLƏR