Azərbaycan yollarının bir çoxlarında uçqun-töküntü, sürüşmə prosesləri baş verib

Azərbaycanda avtomobil yollarının bir çoxlarında yenidən uçqun-töküntü prosesləri baş verib, bəzi yollarda isə yeni lokal sürüşmə sahələri yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sentyabr ayı ərzində Lerik rayonunda, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunmuş yol boyu bir neçə yerdə uçqun- töküntü prosesləri qeydə alınıb: “Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri və yol kənarında yeni çatlar müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub”.

Ə.Qaralov bildirib ki, Astara rayonunda Kijəbə, Burcubənd sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub: “Motlayataq sürüşmə sahəsində aparılmış müşahidələr zamanı prosesin dinamikasında aktivlik müşahidə olunub və sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, Lənkəran rayonunda, Lənkəran-Lerik yolunun 17-19 km-liyində yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun hər iki hissəsində çökmə-oturma prosesi qeydə alınıb: “Bu rayonun Gəgiran kəndindəki sürüşmə sahəsinin dinamikasında nisbi artım qeydə alınıb və sürüşmə sahəsi üzərində yeni çatlar qeydə alınıb. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-dəki sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib, yolun hər iki çiynində çökmə oturma prosesləri və yeni sürüşmə sahələri yaranıb. Masallı rayonunun Zuvand sürüşmə sahəsində aktivlik müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25-25, 4-26- 26, 4 km-də yol boyu bir neçə yerdə uçqun töküntü prosesləri qeydə alınıb. Cəlilabad rayonunda Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yol boyu çökmə- oturma prosesləri qeydə alınıb”.

Ə.Qaralov qeyd edib ki, Daşkəsən rayonunda Alunitdağ sürüşmə sahəsində çatların parametrləri artıb: “Xızı rayonunda Xızı-Altıağac avtomobil yolunun 1-ci km-dəki sürüşmə sahəsində aktivlik qeydə alınıb, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci sürüşmə sahəsində yolun sağ və sol çiyinlərində çökmə prosesi qeydə alınıb”.

Ə.Qaralov əlavə edib ki, Quba rayonunda Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun töküntü prosesləri və yamac hissədə yeni lokal sürüşmə sahələri yaranıb: “Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də, yolun hər iki hissəsində çökmə oturma və uçqun prosesləri müşahidə edilib. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-dəki sürüşmə sahəsində – Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsində uçqun hadisəsi baş verib. İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahəsi – sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib, yolun hərəkət hissəsində kiçik çatlar yaranmış və yol boyu çökmə-oturma prosesləri qeydə alınıb. Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə, uçqun töküntü və yol boyu bir neçə yerdə qabarmalar müşahidə edilib”.

  DİGƏR XƏBƏRLƏR