Bakıda ər-arvadı döyərək 25 min manat oğurlayan şəxs tutulub

Quldurluq etməkdə şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.

Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü də qısa müddətdə müəyyən edilib. Beyləqan rayon sakini Faiq Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR