Bakıdakı bu ağaclar ətrafa təhlükə saçır – Video

Bakıda yolun kənarında yan üstə əyilən iki ağac sürücülər və piyadalar üçün təhlükə yaradır.

Sabunçu rayonu ərazisindəki bu ağaclar, hətta zəif küləyin təsirindən belə hər an aşa bilər. Vətəndaşlar problemin tezliklə həllini gözləyirlər.

Yan üstə əyilən bu ağaclar zəif küləyin təsirindən belə hər an aşa bilər. Ağacların altından isə avtomobillər və piyadalar keçir.

Görüntülər paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəndir. Qəsəbənin Əhməd Mehbalıyev küçəsi, 149-155 və 104-108 ünvanlarında yolun kənarındakı bu iki ağac yola tərəf əyildiyindən hər an avtomobillərin üzərinə aşa və altından keçən piyadaların həyatı üçün təhlükə yarada bilər.

Sürücülərin sözlərinə görə, zəif külək əsən zaman məcbur olub qarşı hərəkət zolağına çıxırlar ki, mümkün zərərdən yayına bilsinlər.

Məsələ burasındadır ki, yan üstə əyilən ağaclar birbaşa piyadaların istifadə etdiyi yolun kənarında olduğundan onlar ağacın altından keçməyə məcburdurlar.

Məsələ ilə bağlı Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyindən bildirdilər ki, problemlə bağlı quruma şikayət daxil olmayıb. Buna baxmayaraq, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq. (Xezerxeber.az)

  DİGƏR XƏBƏRLƏR