Ceyhun Bayramov: Məktəbdənkənar fəaliyyətin düzgün təşkili yeni nəslin formalaşmasında çox vacib amildir

Məktəbdənkənar fəaliyyətin düzgün təşkili innovativ fikirli, vətənpərvər yeni nəslin formalaşmasında çox vacib amildir.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində təhsilin inkişafı üçün işlər aparılır.

C.Bayramov əlavə edib ki, 4 il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, bu tədris ilində isə 75 faiz olub:

“Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb olunan uşaqların sayı 2000-ə yaxın olub”. Bu rəqəmi yüksəltməyin əsas hədəflərdən biri olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, Azərbaycanda ali təhsil sahəsində də əhatəliliyin genişləndirilməsinə və keyfiyyətin yüksəlməsinə nail olunub: “Bu il 500 baldan çox toplayan 2090 nəfər abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi seçiblər”.

Nazir bildirib ki, son illər ərzində peşə təhsili sahəsində də bir sıra yeni layihələr həyata keçirilib.

Qeyd edək ki, bu gün 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə dünyanın 12 ölkəsindən 135 iştirakçı qatılıb.

  DİGƏR XƏBƏRLƏR