Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

“Qarabağ” klubu “Bakı Metropoliteni” QSC-yə müraciət edib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, noyabrın 29-da “Sportinq”lə nəzərdə tutulan oyunla bağlı QSC-yə daxil olan müraciətdə deyilir:

“”Qarabağ”ın “Sportinq”lə oyunun gec başa çatacağını nəzərə alan klubumuz azarkeşlərin rahat bir şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec – saat 01:00-də bağlanması üçün “Bakı Metropoliteni”nə müraciət edib”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ” futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, “Bakı Metropoliteni”nin “Koroğlu” stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək:

“Stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq.

Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metrodan təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.

Oyun gecə saat 12 radələrində başa çatacağından, “Koroğlu” stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar”.

Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 06:00-dan gecə saat 00:00-a qədərdir.

  DİGƏR XƏBƏRLƏR