Hamı “kitayski” iş görürsə…

Sevinc TELMANQIZI

Belə situasiyalar olanda müdrik xalqımız adəti üzrə oğruya haqq qazandırmaq məntiqini seçir. Birinci deyir ki, bəs oğrudan oğruya halaldır. Görəndə ki, cümlə bir az gurultulu çıxdı, qayıdır, bacarana can qurban. Ardınca isə onsuz da bu ölkədə hamının hamını “atması”, insanların yeni günə “kimi atım, qabağa düşüm” düşüncəsi ilə başladığını müdafiə edir. Qəribə bir təqsirsizlik prizumsiyası icad edib yurdumun insanı.

Ustaya maşın aparırsan, 10 manatlıq işi göz görə-görə 40 manata görür. Səbəb soruşanda min dərədən su gətirir. Təmirxananın icarə haqqından tutmuş, materialların gömrük haqqının artırılmasına qədər. Dediyi qiymətdən bir az aşağı ödəyirsən, budur, bir ay olmamış yenidən qapısındasan. Nə sirdir deyə baş sındırmağa dəymir əslində. Eyni şeyi həkim də edir, müəllim də, qeyrisi də. Ümumiləşdirmirəm. Baxın, həkimə gedirsiz, bircə dərmanla keçə biləcək probleminizi o analiz sənin, bu UZİ mənim, o tomoqrafiya sənin, bu aparat mənim… deyə-deyə həll etmir. Əsəbiniz gedir, pulunuz tükənir, vaxtınız havada uçuşur. Ötən həftə biri ilə bu haqda danışdım. Açıq-aşkar, qızıl-qırmızı deyir ki, bəs mənim balalarım evdə oboy yesin? Nə etməliyəm? Hökumət maaş verdi, mən götürmədim?

Guya müəllimi ondan fərqlidir? Dəfələrlə başıma gəlib, necə deyərlər, canımda-qanımda, əsəbimin bütün nöqtələrində yaşamışam. Uşağa dərs keçmir, əvəzində həftə səkkiz, mən doqquz valideyni çağırıb danlama şousu göstərir. “Bu uşağa heyfiniz gəlmir, ay xanım?” sayaq duyğu sömürüsü də üstəgəl bonus olur. Məlum olur ki, uşağıma “heyfim gəlsin” deyə sinifdə laqqırtı vurub dərs keçməyən müəllimənin yanına hazırlığa göndərməliyəm uşağı. Bunun təbi ancaq hazırlıqda gəlirmiş. Təcrübəsiz vaxtımda bir dəfə yanılmışam. Mənə analıq dərsi keçən müəllimənin yanına uşağımı hazırlığa göndərmişəm. Həmin gündən də tərifin biri beş qəpikdən… “Ay valideyn, uşağın nəfəsi açılıb e elə bil. Bülbül kimi ötür sual verəndə”…

Anlamırsan ki, dövlətdən hər ay alınan bu qədər məvacib nə üçündür? Səhər məktəbə gəlib boy göstərmək üçün? Ən anormalı isə nədir, bilirsizmi? Anası ölmüş valideyn uşağı təhsil alsın, ali məktəb qapısını aça bilsin deyə, ətək-ətək pul töküb onu individual məşğələlərə, kurslara yollayır. Uşaq təhsil aldığı yerə daha çox vaxt ayırsın deyə təksil ala bilmədiyi yerdən (oxu:məktəbdən) uzaq düşmək zorunda qalır. Bu zaman da yeni tələb başlanır: dərsə gəlməmək üçün direktordan icazə almalı, zavuçun qəbuluna düşməli…? Yəni, təhsil verməyən tərəf səni borclu, mahcub, boynubükük duruma salır. Sən onun yanında xəcalətli olursan. Halbuki tərsinə olmalıdır.

Bu günlərdə jurnalist həmkarımız Elməddin Muradlı maraqlı bir fakt paylaşıb sosial şəbəkədə. Dostumuz yazıb ki, “Xəz-dəri mağazasında 200 manatlıq şuba 20 minə satılırmış). Vergi gedib iri xəz-dəri mağazalarından birində yoxlama aparıb. Məlum olub ki, qadın şubalarının qiyməti kəllə-çarxdadı, 3 mindən başlayıb 20 mində qurtarır. Sənədlər tələb olunub, mağaza sahibi deyib, sənədsiz gətirmişik, yəni, kargo ilə adı yük kimi gətirilib. Alış qiyməti ilə maraqlandıqda mağaza sahibi deyib ki, 200-300 manata alıram. Bəs, niyə 3 min-20 min qiymət qoymusan? Başlayıb zibilin üstünü açmağa ki, bəs, bu mallar original deyil, etiketi Bakıda yapışdırıb xarici firmaların adıyla satırıq, mallar hamısı Çindən gətirilir. Nəysə, indi mağaza sahibini dirəyiblər divara ki, saxta mal satmısan, adlarından istifadə etdiyin firmalar bilsə səni mələdəcək. Şərəfsiz gədə qalıb iki daşın arasında, desə, originaldır, satdığı qiymətə hesablayıb vergi alacaqlar, o da buna sərf eləmir. Desə, kitayski maldır, saxta etiketler vurub satıram, onda da saxta mallar satmağa görə cərimələnəcək, hələ adından istifadə etdiyi firmalar da mələdəcək yetimi. Üstəlik, xəbər yayılsa ki, söhbət hansı məşhur xəz-dəri mağazasından gedir, onda gərək o gədə başını götürüb ölkədən qaçsın”.

Lətifə kimi hadisədi, amma neyləyəsən ki, baş verib. Əminəm, bir azdan onun müdafiəçiləri də üzə çıxacaq. Biri gömrük rüsumu çox idi deyib, haqq qazandıracaq, biri “arenda haqqı”nı əsas gətirəcək. Axırda da məlum olacaq ki, günah müştəridədi. Nə vacibdi onun şuba geyinməsi? Digər tərəfdən, müəllimi, həkimi, ustası… “kitayski” olan ölkədə kimin şuba satana “niyə kitayski şuba satırsan” deməyə haqqı var ki? O da qayıdıb deyər ki, sən niyə kitayski dərs keçirsən, adam müalicə edirsən….və s.və i.

Məşhur məsəldə deyilən kimi, bu məmləkətdə hər şey olmaq mümkündür. Bircə rəzil olmaqdan başqa… musavat

  DİGƏR XƏBƏRLƏR