“Rəngsiz ölüm”dən necə qorunmalı – dəm qazı bəlası gəlir

Mütəxəssis: “İnsanlar qaz cihazlarını özləri quraşdırmamalıdır, bu, çox təhlükəlidir…”

Havalar soyuduqca dəm qazından zəhərlənmə halları da çoxalır. Hər il mətbuatda kifayət qədər maarifləndirici məlumatlar yayılsa da, bəzi insanlar qazla ehtiyatlı davranmırlar. Nəticədə bədbəxt hadisələr baş verir.  Rəsmi rəqəmlərə görə, 2017-ci ildə 207 nəfər dəm qazından zəhərlənib.

Vətəndaşlar bir çox hallarda verilən qazın tərkibindən şikayətlənirlər və bildirirlər ki, zəhərlənmə hallarına da səbəb elə budur. Ancaq “Azəriqaz” İstehsalat Birliyi bu fikirləri doğru saymır. Belə ki, qurumun mətbuat xidmətindən bildirilib ki, verilən təbii qazın tərkibi stantartlara uyğundur: “Təbii qaz 55-42 2014 dövlət standartına uyğundur. Təbii qazın verilməsi daim nəzarət altındadır, tənzimlənir, xüsusi laborator yoxlamadan keçirilir. Qazın tərkibi ilə bağlı kimdə şübhə varsa, yazılı surətdə müraciət etsinlər, ”Azəriqaz” da araşdırsın”, – deyə bildirilib.

Ekspertlər isə söyləyirlər ki, dəm qazından zəhərlənmənin qarşısını almaq üçün insanlar arasında maariflənmə işinin aparılması da olduqca vacibdir. “Azəriqaz” və Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi işlər aparılır. Ümumilikdə isə dəm qazından zəhərlənmənin bir sıra səbəbləri var.

“Yeni Müsavat” olaraq onlardan bəzilərini təqdim edirik:

– suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);

– soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;

– standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

– sobanın qapağının vaxtında bağlanmaması;

– yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;

– tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

– sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

– sobada və borularda çatların və nasazlıqların olması;

– insanların yanğın ocaqlarında olması;

– qarajda avtomobilin işlək vəziyyətdə olması;

Dəm qazından zəhərlənən zaman ilk olaraq küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi kimi hallar baş verir ki, bunu da hiss etdiyiniz zaman dərhal otağı və ya olduğunuz yeri tərk etməlisiniz. Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək əsas şərtdir.

 “Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirdi ki, xüsusilə də hamam otağına, oranın standartlarına diqqət etmək vacibdir: “Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Özbaşınalıq, səhlənkarlıq isə ölümlərə səbəb olur. Bəziləri deyir ki, qazımız zəhərlidir. Yaxşı bu qaza zəhəri kim qatıb? Bütün dünya üzrə qəbul olunub ki, ən təmiz qaz Azərbaycanda çıxarılır. Tərkibi 94-96 faiz metandan ibarətdir. Bu qaz zəhərli olsa Avropa ölkələri niyə bunu alır? Qazın tərkibində problem yoxdur. Bunlar cəfəngiyatdır. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır ki, bu da yoxdur. Şəxsin özü qaz qurğularını quraşdırmamalıdır. Çünki o, müvafiq standartları bilmədiyi üçün yanlışlığa yol verə bilər. Qazla yanlış davranış isə faciə ilə nəticələnir. Bundan əlavə gecə yatan zaman da qızdırıcını mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. Rezin, plastik borularla qaz çəkmək olmaz. Havalandırma sisteminə də diqqət etmək lazımdır. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü də acışdırır. Bunlara diqqət etmək lazımdır ki, həyatda qalasınız”.

 

Ekspertlər bildirirlər ki, sovet dövründə yaşayış binalarının bacaları tez-tez təmizlənirdi. Hətta bunun üçün xüsusi qurum da fəaliyyət göstərirdi ki, bu qurumun əməkdaşları müvafiq tarixlərdə binalara gəlib, bacalara baxırdılar. Hazırda isə binaların bacaları da təmizlənmir. Bəzi binalarda isə ümumiyyətlə, bacalar lazımı qaydada qurulmayıb.

Məlumat üçün qeyd edək ki, 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də ekspertlər söyləyirlər ki, tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan 50 sm hündürə qalxmalıdır. Bu da su qızdırıcılarının gücündən asılı olaraq 100 mm-dən, 150 mm-ə qədər dəyişir.

Ekspert Nüsrət Qasımov mövzu ilə əlaqədar söylədi ki, Əvvəllər Yanğından Mühafizə idarəsində könüllü cəmiyyət vardı ki, onlar tüstü bacalarını dəyişib, ildə də iki dəfə yoxlayırdılar: “Əslində su qızdırıcılarının ildə 2 dəfə tüstü bacası yoxlanmalıdır. Qızdırıcı cihazlarında isə qış mövsümündən öncə olmaqla ildə bir dəfə yoxlama aparılmalıdır. Bu tüstü bacalarında arı da pətək qura bilər, siçovul, quş da ölüb qala bilər. Ona görə də tüstü bacasının yoxlanması əsas şərtdir. Qazdan təhlükəsiz istifadə qaydasında qeyd olunur ki, bu bacaların təmizlənməsi mənzil sahiblərinin öhdəsindədir. Yəni əgər bina yerli icra hakimiyyətinin balansındadırsa bu qurum, özəldirsə ev sahibi təmizlənəlidir. Hazırda tüstü bacalarını təmizləyən cəmi 1 qurum var ki, onlar da bu işi 800 manata görürlər”.“Yeni Müsavat”

  DİGƏR XƏBƏRLƏR