600-dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb

Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib.

O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb:

“Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər – əgər buna müəyyən səbəb varsa”.

Qeyd edək ki, ötən ayın sonlarından yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.

  DİGƏR XƏBƏRLƏR