Həsən Məmmədovun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub (FOTO)

Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda qeyd edilib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, Salyan şəhər 2 saylı tam orta məktəbində keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Məktəbin akt zalında təşkil olunan mərasimdə ilk olaraq Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırıb.

Vaqif Əliyev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, günümüzdə ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması və onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür və görülməkdədir. Müvafiq dövlət proqramları, ölkə başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz – Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir: “Azərbaycan mədəniyyəti və kino sahəsi ilə bağlı qeyd olunanların işığında, sonda bir daha milli kino və teatr sənətimizin əvəzolunmaz nümayəndəsi Həsən Məmmədovun xatirəsini hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirik”.

Yubiley gecəsinin aparıcısı – Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışıb.

Əməkdar incəsənət xadimləri – kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında danışdılar, onun Azərbaycan kinosu tarixində önəmli mövqeyindən söz açaraq sənətkarla bağlı xatirələrini bölüşüblər.

Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsi, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.


  DİGƏR XƏBƏRLƏR