“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi” filminin və kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Bu gün Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər qonaqların iştirak etdiyi tədbir Prezident İlham Əliyevin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın uğurları, nailiyyətləri o qədər böyük və əzəmətlidir ki, Azərbaycan və İlham Əliyev sözləri indi bir-biri ilə eyniyyət təşkil edir:

“Azərbaycanı İlham Əliyevsiz, İlham Əliyevin həyata keçirdiyi siyasətdən kənarda təsəvvür etmək çox çətindir. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycanın möhtəşəm nailiyyətlərini, əslində isə Azərbaycan möcüzəsini, bütövlükdə Azərbaycanın inkişafını müasir dünyanın ən böyük siyasi layihələrindən biri hesab etmək mümkündür. XX əsrin 90-cı illərinin əvvəlində hərtərəfli böhranın məngənəsində sıxılan Azərbaycan çox qısa bir vaxtdan sonra, artıq XXI əsrin əvvəllərində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi. Bunu möcüzədən başqa bir ifadə ilə təsvir etmək qeyri-mümkündür”.

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Xilaskarı idisə, onun davamçısı olan İlham Əliyev son 15 ildə bu dövləti inkişaf etdirib, yeni idarəçilik modeli ortaya qoyub və yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib:

“İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcək”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışa məsul olduğu, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və AZƏRTAC Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanovun tərtibatçı müəlliflər olduğu kitabda zəngin faktlar əsasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 15 illik fəaliyyəti dövründə ölkənin dinamik inkişafının dolğun mənzərəsi yaradılır. Azərbaycanda aparılan köklü islahatlar sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, sosial-mədəni, ordu quruculuğu və xarici siyasət sahəsində əldə edilən nailiyyətlər tutarlı dəlillərlə əsaslandırılır. Ölkədə ictimai-siyasi sabitliyin və demokratik təsisatların daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı görülən işlər şərh olunur.

Kitab Azərbaycanın müasir tarixi ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


  DİGƏR XƏBƏRLƏR