Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən iş adamı Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror X.Cəfərovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri müvəkkiləri barəsində 70-ci (şərti) maddəsini tədbiq edilməsini tələb edib.

Onlar bildiriblər ki, zərərçəkənlərə dəymiş ziyan ödənilib.

Məhkəmənin hökmü ilə X.Cəfərov 5 il 9 ay azadlıqdan məhrum edilsə də, ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. X.Cəfərovun rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib. Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  DİGƏR XƏBƏRLƏR