Uşaq bağçalarına qəbul elektronlaşdırıla bilər (FOTO)

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib.

BŞİH-dən Trend-ə verilən məlumata görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev son illər ərzində Prezident İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verib.

Məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Onlar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunublar. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.

Elgin Həbibullayev öz çıxışında həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keçirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin artırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxunaraq bildirib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulub. Şəhərdəki bəzi bağçalarda məcburi köçkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində vəziyyət və mövcud problemlərin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva, bir sıra uçaq bağçalarının rəhbərləri çıxış edərək görülən işlərdən danışıb, problemlərlərin həlli ilə bağlı təkliflərini veriblər.

Seminarda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən videofilm nümayiş etdirilib, toplantı iştirakçılarının sualları cavablandırılıb, onlara Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış məktəbəqədər təhsil müəssisələrinin pedaqoji əməkdaşları üçün metodiki təlimat və tövsiyələr paylanıb.


  DİGƏR XƏBƏRLƏR