XİN: Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması 2019-cu ildə də diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması 2019-cu ildə də diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilib.

Bildirilir ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycanın xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub:

– 3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib;

– 16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib;

– 5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib;

– İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənib;

– 11 iyul 2018-ci il tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 12 dekabr 2018-ci il tarixində Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib;

– Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər;

– 5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib.

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcək. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq.

  DİGƏR XƏBƏRLƏR