Arvadını döyənləri həbs cəzası gözləyir

Qadınlar 10 il əvvəlki kimi deyil, indi polisə şikayət edir, ərlərini həbs etdirirlər

Bu günlərdə mediada əri tərəfindən döyülən qadının fotoları yayılmışdı. Şəmkirdə qadın əri tərəfindən döyülmüş və bu xəbər “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən mediaya yayılmışdı. Rayonun Qaracəmilli kəndində Gülnarə Kazımova adlı qadın həyat yoldaşı Ataşov Zeynal Ramiz oğlu tərəfindən vəhşicəsinə döyülərək tanınmaz hala salınmışdı. Bildirilmişdi ki, qadın yatdığı zaman əri içki şüşəsi ilə onun başına vurub və ağır xəsarətlər yetirib. Hazırda polis qadının həyat yoldaşını saxlayıb. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

Qeyd edək ki, İctimai Birlikdən Gülnarə Kazımovaya yardım təklif edilib. Amma bu, Azərbaycanda nə ilk belə hadisədir, nə də son olacağa bənzəyir. Bir çox adamlar bunu mentalitetlə əlaqələndirirlər. Yəni bizimki kimi cəmiyyətlərdə qadının daim susqun, müti, hər şeylə razılaşan obrazdan kənara çıxması sonda zorakılıq qurbanına çevrilməsinə səbəb olur. Bəs cəza hansı formada verilir? Ümumiyyətlə, verilirmi? Qadınlar onları döyən ərlərindən şikayət edirlərmi?

Mehriban Zeynalova: “Qadınlar indi susmur, onları döyən ərlərindən şikayət edirlər…”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qadınlar artıq onlara qarşı fiziki təzyiq göstərən həyat yoldaşları ilə bağlı məhkəməyə şikayət edirlər. Onun sözlərinə görə, on il öncəki ilə müqayisədə indi bu cür müraciətlərin sayı çoxalıb. Müsahibimiz həyat yoldaşını döyən kişilərin cəzalandırıldığını, həbsə atıldığını dedi: “Təbii ki, cəza verilən xəsarətin dərəcəsindən asılı olur. Qadın vaxtında müraciət edəndə, ekspertiza keçirilir və xəsarətin dərəcəsi müəyyənləşdirilərək, kişinin cəzalandırılması üçün zəmin yaranır. Artıq qadınlar bu sayaq müraciətlər üçün çəkinmirlər. Bunu polis bölmələrinə edilən qadın müraciətlərinin artan sayından da görmək olur. Amma əgər döyülən qadın həmin evdə qalırsa, valideynlərindən də dəstək almırsa, o zaman bu hallar təkrarlanır, proses də ləngiyir. Xəsarətin müddəti keçəndə isə onu sübut etmək mümkün olmur”.

Müsahibimiz ailədaxili şiddətin səbəbləri barədə də danışdı. Dedi ki, cəmiyyətdə stereotiplər var. Belə ki, zorakılıq müxtəlif formalarda həyata keçirilir. Bunlardan birincisi qadının ailədə müti olması, eşitdiyi sözləri bütün formalarda qəbul etməsi ilə bağlı daşlaşmış fikirdir: “Qadın nəyəsə etiraz edəndə, ya da cavab verəndə döyülür. Bundan başqa, ailəyə müdaxilələr də olur. İğtişaş yarananda onu soyutmaq, aradan qaldırmaq əvəzinə, qızışdırıcı hallar özünü göstərir. Bir də var qazanılmış asılılığın yaratdığı zorakılıq elementləri. Bu, narkotik, alkoqoldan asılı insanların evdə yaratdığı terrordur və zorakılığın başqa formasıdır. Buna zorakılığın ”səbəbsiz forması” deyilir. Kişi deyir ki, “narkotikdən asılıyam, kefim istəyir, döyürəm”. Ya da hesab edək ki, ailədə ciddi gərginlik var. O ailə mühitində kimsə dəstəkverici tərəf olanda psixoloji zorakılıq fiziki zorakılığa keçir”.

M.Zeynalova xatırlatdı ki, bəzən qarşılıqlı zorakılıq halları baş verir. Müsahibimizin sözlərinə görə, bu günlərdə “Ər-arvad bir-birini bıçaqladı” başlıqlı bir xəbər yayılmışdı. Hüquq müdafiəçisi hesab edir ki, burada tərəflər arasında heç bir iştirakçı olmayıb və heç bir tərəf gərginliyi azaltmağa cəhd göstərməyib: “Halbuki ilkin mərhələdə mütəxəssis müdaxiləsi olsa, bu hadisə baş verməzdi. Mən hesab edirəm ki, gərginlik olan ailədə tərəflərin bir müddət bir-birindən aralanması çıxış yolu ola bilər. Düşünmə dövrü üçün yer seçilməlidir ki, bu, ata-ananın yanı olmamalıdır. Mühiti dəyişmə, mütəxəssis yanında olmaq bu çıxış yollarından biridir. Gərginlik yüksək həddə olanda, tərəflərdən biri od, digəri su olmalıdır. İkisi də od olur, gərginliyi artırır. Ümumiyyətlə, ailə münaqişələrində tərəflərin ikisi də mütləq şəkildə iştirakçıdır. Çünki hadisələrə fərqli bucaqdan yaxınlaşma meylləri görünmür”.

QHT sədrinin sözlərinə görə, qadınlar əsasən ərləri tərəfindən döyülür. Amma qardaşları, ataları, hətta anaları tərəfindən fiziki şiddətə məruz qalanlar da var.

“Adətən baş nahiyəsinə, göz altına, dodaq üstünə, başın yan hissələrinə vururlar. Buna əsasən döyülən qadınlar zəif eşidir”, o deyir. Müsahibimiz deyir ki, bir çox qadınlarda döyülmənin nəticəsi olaraq sinir sistemi, hipertoniya, ürək-damar, mədə xəstəlikləri ortaya çıxır.

O, qadınların öz hüquqlarını bilməməsini əsas problemlərdən biri kimi görür və deyir ki, fiziki zorakılığa məruz qalmış qadınlar təhlükə və təhdid anında dərhal 102 qaynar xəttinə zəng vurmalıdırlar.

Dünyada nə qədər qadın döyülmədən əziyyət çəkir?

Məlumata görə, qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. Avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin açıqlamasına görə, statistika qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xəsər yetirildiyini göstərir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Mərkəzin apardığı sorğunun nəticələrinə görə, dünyada 42 faiz qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır:

Avropa Birliyinin Qadına və Ailədaxili Şiddətə qarşı Mübarizə mütəxəssisləri qrupu (GREVIO) açıqlayıb ki, Şərq ölkələrində qadınların 25 faizindən çoxu 18 yaşından öncə tez və ya zorla evləndirilir. Bu faiz bölgələrdə 32 faizə qədər artır. GREVİO mütəxəssisləri qadınları şiddətdən qorumaq üçün qəbul edilən tədbirlərlə bağlı təkmilləşdirməni lazımlı sayır.

Qadınların bu sayaq şiddətə məruz qalma hallarında bunu polisə bildirməmələrinin səbəbi isə aşağıdakılardır: damğalanma qorxusu, iqtisadi asılılıq, hüququnu bilməməsi, hüquq-mühafizə orqanlarına inamsızlıq, itirəcəklərinin qorxusu. Məhz bu sayaq faktorlara görə təcavüz və digər cinsi şiddət qurbanları olayla bağlı şikayət etmirlər.

Döyəni bu cəzalar gözləyir

Ailə daxilində baş verən fiziki şiddət Azərbaycan Respublikası Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Cinayət Məcəlləsində bu hallar qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, qəsdən sağlamlığa yüngül zərər vurma, əzab vermə maddələri ilə qeyd olunub.

Qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qəsdən sağlamlığa yüngül zərər vurma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əzab vermə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə isə iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə görə isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycanın Cinayət Məcəlləsində cinsindən asılı olmayaraq döyülməyə görə 200 manata kimi cərimə, 248 saat və ya 1 ilə kimi ictimai-islah işləri, yaxud 6 aya qədər həbs cəzası nəzərdə tutulur. İşgəncə verənlər isə 3-7 il həbs cəzası ala bilər.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qəbul edilib və qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib.“Yeni Müsavat”

  DİGƏR XƏBƏRLƏR