Bakıda təhlükəli “səki-dayanacaq” niyə ləğv olunmur? -VİDEO

Bir neçə ay əvvəl Bakı dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində olan ensiz yolda sərnişinlər və avtobus sürücüləri tərəfindən süni yaradılan dayancaqla bağlı süjet təqdim etmişdik. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də problem dəyişməz olaraq qalır. Bu gün əməkdaşlarımız həmin ərazidə çəkiliş aparıblar və məlum olub ki, hələ də həmin yerdə həyatlarını təhlükəyə atan sərnişinlər və qaydanı pozan avtobus sürücüləri var…

Xezerxeber.az-ın məlumatına görə, nə dayanacaq, nə də gözləmək üçün xüsusi bir yer var. Buna baxmayaraq, sərnişinlər həyatlarını təhlükəyə ataraq, marşrut avtobuslarını məhz yolun hərəkət hissəsində dayanaraq gözləyirlər. Avtobuslar isə sərnişin mindirib-düşürmək üçün yolun istənilən hissəsində dayandığından yolda tıxac yaranır. Qanunu pozan isə əsasən 211, 193 və 194 saylı marşrut avtobuslarının sürücüləridir.

“Xəzər Xəbər” daha əvvəl işıqlandırdığı problemin üzərinə həll olunmadığı üçün yenidən qayıtdı. Yasamal rayonu Bakı dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində bu təhlükəli mənzərə hələ də aradan qaldırılmayıb.

Sərnişinlər deyirlər ki, bu, onların həyatları üçün təhlükəli olsa da, evlərinə gedib-gəlmək üçün ərazidəki ensiz beton plitənin üzərində dayanmağa məcburdurlar.

Avtobus sürücüləri isə çəkilişi görüb dərhal ərazidən uzaqlaşmağa çalışdılar.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Xəzər Xəbər”ə bildirdi ki, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Lakin Agentlik tərəfindən daşıyıcılara həmin yerlərdə avtobusları saxlamamaları barədə dəfələrlə xəbərdarlıq edilib. Mais Ağayevin sözlərinə görə, şikayətlər əsasında həmin ərazidə avtobus saxlayan bir neçə sürücü cəzalandırılıb və işlər bundan sonra da davam etdiriləcək. Bununla belə, Agentlik rəsmisi sərnişinlərə də həmin ərazidən dayanacaq kimi istifadə etməməyi tövsiyə etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  DİGƏR XƏBƏRLƏR