Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası bu gün tarixi oyuna çıxacaq.

“Report”un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda görüşdə İsveçin qonağı olacaq.

G qrupunda VI tur qarşılaşmasından öncə Azərbaycan millisi 8 xalla 2-ci, İsveç isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır.

İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komanda – Makedoniya, Finlandiya, Monteneqro, Avstriya (hamısı 5 xal) və İsrail (4 xal) yığmalarından biri öz qruplarındakı son tur qarşılaşmalarında xal itirməlidirlər.

Azərbaycan final mərhələsinə vəsiqə qazansa, bu, kişilərdən ibarət yığma üçün tarixdə ilk olacaq.

Avropa çempionatı, seçmə mərhələ

G qrupu, VI tur

20:00. İsveç – Azərbaycan

Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)

Stokholm, “Eriksdalshallen” voleybol salonu

  DİGƏR XƏBƏRLƏR