Paytaxtın 2 rayonunda yeniyetmələrə siqaret satanlar cərimələnib (FOTO)

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.

Tədbir zamanı Nərimanov rayonu A.Neymətulla, F.Yusifov və F.X.Xoyski küçələri, həmçinin Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrindəİnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər bundan sonra da davam etdiriləcək.


  DİGƏR XƏBƏRLƏR