Prezident İlham Əliyev: Dünyada mənfi mənzərə fonunda Azərbaycan hökuməti öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır

Dünyada mənfi mənzərə fonunda Azərbaycan hökuməti öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir: “Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

İlham Əliyev bildirib ki, son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib: “On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır”.

  DİGƏR XƏBƏRLƏR