Əlisi saxta, Vəlisi saxta…

Sevinc TELMANQIZI

“Hər toya yeni paltar” şüarının daşıyıcısı olan milli xanımlarımız dərin şok içərisindədir bu günlərdə. Çünki cicilərini daha çox aldıqları iri geyim mağazasının məsul şəxslərinin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış.

Olayın üzə çıxmasında isə milli manıslarımızın və nüfuzlu şəxslərin rolu böyük olub. Onların arasında mağazadan alış-veriş edənlər çox olub. Onlar da baxıb görüblər ki, booy, anan ölsün, Ramazan, bu geyim o geyim deyilmiş. Hər zaman təbiiliyə, dürüstlüyə, təmizliyə önəm verən manıslarımız bu olaydan şikayətçi olublar. Niyə də yox? Toyları, konsertləri fonoqramla yola verəndə, özlərinə saxta dodaq, saxta saç, saxta… düzəltdirib ortaya çıxanda nə olar? Əsas odu, ruh yaşasın. Yəni, paltarın özü brend olsun.

Hadisə ilə bağlı xəbərin detallarını oxuyanda isə millət olaraq dəhşətin üst qatlarına çatdığımızı hiss etdim. Belə ki, mağazalar özünü şəbəkəsinin rəhbəri kimi təqdim edən Aybəniz adlı qadın xəbəri təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina edib. Bildirib ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm, pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəm işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Nə gözəl məmləkətdir. Açıqlamanı oxuyursan, yadına “Varlılar da ağlayır” serialı düşür. Süjet xəttinə bax bəhanənin:öləcəyimi bilən kimi vəsiyyətimi etdim. Ondan sonra nələr oldu, xəbərim olmadı. Öz canımın hayındayam və sair və ilaxır. Əslində qadını da qınamaq olmur. Birincisi, ona görə ki, adətən belə bərkgedən mağazalar şəbəkəsinin arxasından bərkgdən bir məmurun başı çıxır. Onu ələ vermək həyatınla “klas-klas” oynamaq, özünü daha betər bir serialın içində tapmaqdır. İkincisi, biz ellikcə bu bəhanələri çox eşitmişik. Bütün korrupsioner məmurlar həbs olunanda, əllərinin altından qızıl külçələri, mallar, mülklər çıxanda təxminən bu cür bəhanələr səsləndirirdilər: mənim xəbərim olmayıb, sui-istismar qurbanı olmuşam. O yekə-yekə korrupsionerlərin, ən aşağı keyfiyyətlərə malik insanların verdikləri “həyati müsahibələr”də əsas xətt nə olur, xatırlayırsızmı? “Ən böyük problemim insanlara inanmağım, saflığım, hamını özüm kimi bilməyimdir”. Hə, yəni, mən yaxşıyam, ətrafım pisdir.

Qadınlarımızın “ülvi hissləri” ilə oynayıb, onlara saxta mal satanların əl-üzünü yumaq fikrim yoxdur. Qanunu pozublar, cəzalarını da alacaqlar. Amma bu ölkə başdan-ayağa saxta etiket vuranlarla dolu deyilmi? Məşhur brendlərin birinci hərfini dəyişdirib, şəbəkə quranlardanmı danışaq, yoxsa “balalarımın ölmüşünün ölüsünü öpüm” deyib dəri olmayan ayaqqabını dəri kimi sırıyanlardanmı? Adi misal: ölkə “Gucci” firması koftası, paltarı geyinənlərlə doludur ilk  baxışda. Realdımı? Yox, təbii. Gedin Sədərək, Binə yarmarkalarına, saxta etiketlər göz deşir. Şəhərin mərkəzindəki ayaqqabı, geyim mağazalarına girən kimi “donuz iyi” baş çatladır. Bilirsən ki, haramı halala necə qatışdırıblarsa, bir müddət sonra özləri də bu işləklərini unudublar. Ona görə ürəklə balalarının canına and içirlər. Əlisi saxta, Vəlisi saxta, qırılmışın hamısı saxta….

Turizm firmaları erkən rezervasiya elanları verir. Maraqlananda məlum olur ki, bunun adı erkən rezervasiyadır. Dollarla qiymət qoyur, vurub bölürsən, gəlib qaynar turun qiyməti ilə üst-üstə düşür. Bu, saxtakarlıq deyilmi? Kafeyə gedirsən, 4 armudu stəkan tutmayan bir çaydan çayı sənə minimum 8 manata satırlar. “Asan Xidmət”ə qədər bütün sənədləşmə işlərimizi “ceyran belində” qiymətlərlə həll edirdik. Qurum yarananda öyrəndik ki, bu günə qədər bizə qaz münasibəti göstəriblər. Kaseti, kitabı, dərmanı, ərzağı saxta olan ölkədə biz hansı təmizlikdən danışırıq ki?

Cəzalandırılmasın demirik. Hamısı cəzalandırılsın istəyirik. Xəstələnəndə ovuc-ovuc dərman içdiyimiz halda bizi sağalmağa qoymayanları da ifşa edək. Rezin dadı verən qidaları bizə təbii məhsul adı ilə hopduranları da, bütün keyfiyyətsizlikləri canımıza ötürənləri də… Heç birini bağışlamayaq. Çünki bizdən gedənləri geri heç bir üzrlə qaytara bilməyəcəyik.Musavat.com

  DİGƏR XƏBƏRLƏR