Azərbaycanın prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib (FOTO)

Fevralın 7-də Azərbaycan Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2018-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.

2018-ci ildə ölkədə sənaye istehsalının, qeyri-neft sektorunun, əhalinin pul gəlirlərinin artması, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmaqla 118 min daimi iş yerlərinin yaradılması xüsusi vurğulanıb. Ölkəmizin Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri, inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yeri tutması, həmçinin “Doing Business 2019” hesabatında yeni rekorda imza ataraq dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, 190 ölkə sırasında 25-ci yerdə qərarlaşması ölkəmizin keçdiyi inkişaf yolunun əyani göstəricisidir.

Uğurla yola saldığımız 2018-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş seçkidə xalqımızın yekdilliklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd olunması, regionda sabitliyə, xalqlarımızın firavanlığına, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TANAP layihəsinin, həmçinin Türkiyənin İzmir şəhərində inşa edilmiş STAR neft emalı zavodunun istifadəyə verilməsi, ölkəmizin qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı, üçüncü peykimizin orbitə çıxarılması ilə əlaqədar Azərbaycanın kosmik sənaye ölkələri arasında mövqeyini daha da möhkəmləndirməsi, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi dünyada Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.

Xüsusi vurğulanıb ki, əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirtdiyi layihələr xalqımız tərəfindən dəstəklənməklə hər zaman yüksək qiymətləndirilib.

Ötən il dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb.

Silahlı qüvvələrimizin təmas xəttində ərazilərimizin bir hissəsinin erməni qəsbkarlarından azad olunması, vətəndaşlarımızın düşmən təhdidlərindən qorunması üçün həyata keçirilmiş uğurlu Naxçıvan (Günnüt) əməliyyatı nəticəsində 11 min hektara yaxın ərazinin işğaldan azad edilməsi və strateji xarakter daşıyan yüksəkliklərin ələ keçirilməklə ordumuza Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmə imkanı yaratması xüsusi vurğulanıb.

Baş prokuror diqqətə çatdırıb ki, son zamanlar antimilli destruktiv qüvvələrin aktivləşməklə möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq Hüzn Günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb.

Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, xalqımızın rifah halının gündən-günə yaxşılaşması, xalq-iqtidar birliyinin sarsılmazlığından məyus və narahat olan, dövlətçiliyimizə qənim kəsilən, hakimiyyətə yiyələnmək üçün istənilən yola baş vurmağa, təxribatlar törətməyə hazır olan bu insanlar öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışmaları qeyd edilməklə, antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının xalqımızı yenidən daxili çəkişmələrə, parçalanmaya və böhrana sürükləməklə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısının bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.

Hesabat məruzəsində qeyd edilib ki, 2018-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub.

Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, yaranmasının 100 illik yubileyi münasibətilə cənab İlham Əliyevin Sərəncamı ilə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 43 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi, həmçinin 1 oktyabr tarixində prokurorluq əməkdaşlarına və veteranlara ünvanladığı təbrik müraciətinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.

Bildirilib ki, yubileylə əlaqədar dövlət başçısının göstərişi ilə Gəncə və Sumqayıt şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binaları tikilərək istifadəyə verilib, prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınmaqla aparılan islahatlardan, görülən işlərdən bəhs olunan “Azərbaycan Prokurorluğu – bir əsrlik inkişaf tarixi” adlı kitabın təqdimatı keçirilib, həmçinin “Azərbaycan Prokurorluğu” jurnalının xüsusi buraxılışı dərc edilib.

Kollegiya iclasında qeyd edilib ki, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi 2018-ci ildə də davam etdirilərək bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə “dünyada ən islahatçı” ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verib, hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.

Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə əməkdaşlıq inkişaf etdirilib, Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib.

Bundan başqa, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının işində respublikamızın fəal iştirakı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş qurumun 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla – Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilməklə yanaşı, prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr əsas götürələrək Baş prokurorun müavini təşkilatın vitse-prezidenti vəzifəsinə seçilib.

2018-ci ildə Bakı şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində Bakı şəhər Baş Polis İdarəsi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə səmərəli fəaliyyət nəticəsində müsbət göstəricilər əldə edilib, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılıb, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması istiqamətində müəyyən irəliləyişlər əldə olunub.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamın tələblərinin icrası istiqamətində ədliyyə və məhkəmə orqanları ilə birlikdə kompleks tədbirlər davam etdirilib, ötən illə müqayisədə respublika üzrə həbs qətimkan tədbirinin seçilməsində azalma müşahidə edilib.

Kollegiya iclasında Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasının, insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmamasının təmin edilməsi, pozuntulara yol vermiş prokuror, müstəntiq və təhqiqatçılar barədə xüsusi qərarların çıxarılmasında prinsipiallıq nümayiş etdirilməsi əsas vəzifə kimi müəyyənləşdirilməklə qısa zamanda bütün neqativ təzahürlərin qarşısı alınması barədə tapşırıq verilib.

Prezident cənab İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri diqqətə çatdıran Baş prokuror 2002-ci ildən başlayaraq prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə sağlam mənəviyyatlı, dövlətçiliyə sadiq, qanunun aliliyinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsini qeyd edib, indiyədək keçirilmiş 19 müsabiqə üzrə 873 namizədin, o cümlədən 2018-ci ildə 85 nəfərin qulluğa qəbul edilməklə onların prokurorluğun kadr tərkibinin 67 faizini təşkil etdiyini deyib.

Eyni zamanda, Baş Prokurorluq üzrə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata əsasən ali təhsil müəssisələrinin Hüquqşünaslıq ixtisası üzrə təhsilini davam etdirən tələbələrinin könüllü ictimai əsaslarla prokurorluqda işə cəlb edilməsi istiqamətində Kadrlar idarəsi, tabe rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən müvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, dövlət başçılarının səfərləri çərçivəsində Belarus və Tacikistan respublikalarının prokurorluq orqanları ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb, bir sıra dövlətlərin nümayəndə heyətləri ölkəmizdə səfərdə olublar.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb olunmaqla, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması hesabat ilinin əsas vəzifələrindən biri kimi qeyd edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və Xocalı rayon prokuroru Kamran Məmmədovun çıxışlarında 2018-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.Trend

  DİGƏR XƏBƏRLƏR