Cahangir Hacıyevlə birgə ittiham olunmuş keçmiş məhkum dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında şahid qismində dindirilən Vidadi Əliyev sualları cavablandırıb.

Məhkəmədə elan olunub ki, bir gün ərzində “AGbank”ın Xətai filialından 10 milyon manat pul köçürülüb.

V.Əliyev bildirib ki, işi bankın ofisində pul saymaq olub.

Daha sonra şahid qismində Arzu Əsgərova ifadə verib. O deyib ki, 2009-2014-cü illər arasında “Röyalbank”da çalışıb, işsiz qalanda isə M.Əliyev onu R.Vəliyevlə tanış edib.

Şahid söyləyib ki, “AGbank”ın Xətai filialının ikinci mərtəbəsində R.Vəliyevin şirkətində kargüzar kimi çalışıb: “İşim ödəniş tapşırıqlarını yoxlamaq idi. Ödəniş tapşırıqlarını ora Rüfət müəllim gətirirdi. Mən də yoxlayırdım, səhv olanda ona qaytarırdım”.

A.Əsgərova işlədiyi dövrdə 500 manat əməkhaqqı aldığını bildirib.

Prosesdə şahid qismində Kənan Orucov da dindirilib. Onun sözlərinə görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Hazırda sınaq müddəti başa çatıb.

K.Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib. O, təqsirləndirilən şəxsləri tanımadığını deyib: “Bankda bir neçə min firma əməliyyat aparıb. Konkret bu şəxslərin banka pul gətirdiklərini xatırlamıram”.

Suallara cavab verən təqsirləndirilən R.Vəliyev bildirib ki, Beynəlxalq Banka pulu nağd şəkildə aparıb kassaya təhvil verib.

K.Orucov vurğulayıb ki, pul kassaya təhvil veriləndən sonra sənədlərə qol çəkilib: “Bankdan 20 min manatdan artıq pul köçürülən zaman baş ofisə məlumat verilir”

Məhkəmədə elan olunub ki, 2013-2015-ci illər arasında Beynəlxalq Bankdan R.Əliyevin adına olan 5 şirkət vasitəsilə ölkədən xarici bank hesablarına 356 milyon dollardan çox pul köçürülüb.

K.Orucov həmin pulların ölkədən leqal şəkildə çıxarılandan sonra Azərbaycana hansı malların gətirilib-gətirilməməsindən xəbərdar olmadığını deyib: “Bu, mənim işim deyildi, maraqlanmamışam”.

Məhkəmənin növbət iclası martın 6-na təyin edilib.

İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər, ümumilikdə, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

  DİGƏR XƏBƏRLƏR