Komitə sədri: Nikah yaşının aşağı salınma səbəblərinin dəqiq göstərilməməsi sui-istifadə hallarına yol açır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericilikdə nikah yaşının aşağı salınma səbəblərinin aydın şəkildə Ailə Məcəlləsində göstərilməsini təklif edir.

Trend-in məlumatına görə, bu təşəbbüslə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qanunvericilikdə nikah yaşının 1 yaş aşağı salınması məsələsi tamamilə yerli icra hakimiyyətinin mülahizəsinə buraxılıb. Səbəblərin dəqiq göstərilməməsi isə təcrübədə sui-istifadə hallarına yol açır.

Buna görə də H.Hüseynova hesab edir ki, nikah yaşının aşağı salınma səbəbləri məcəllədə göstərilməlidir.

Digər təklifini də açıqlayan komitə sədri qeyd edib ki, ailə qurmaq tərəflərin (kişi və qadının) hüquq qabiliyyətini heç bir halda məhdudlaşdırmır.

Onun sözlərinə görə, evlənən şəxslər nikahdan sonra öz fəaliyyətlərini davam etdirə bilərlər:

“Təcrübə göstərir ki, bir çox kişilər evləndikləri qadının peşə, fəaliyyət seçmə hüququnu pozur, onu cəmiyyətdən təcrid edir. Bu da bir çox hallarda ailədaxili münasibətlərdə münaqişələrə, bəzən isə intihara cəhd etmə kimi hallara gətirib çıxarır. Bunu nəzərə alaraq, ailənin rifahı üçün ər və arvadın fiziki və mənəvi inkişaf etmə hüququ məsələsinin Ailə Məcəlləsinə daxil edilməsini təklif edirik”.

  DİGƏR XƏBƏRLƏR