Qatil həkimin müəllimləri

Zahid SƏFƏROĞLU

Şabranda 8 yaşlı Gülnur “prob” qoyulmadan vurulan iynədən ölüb. Bir ailə beləcə, cahil bir “həkimin” səhvi ucbatından sonsuz üzüntüyə, yasa qərq olub. Bədbəxt valideyn, gəl indi bu dərdi çək görüm, necə çəkirsən. Allah səbir versin.

Tibbdə dərmanın bu cür fəsadı “anafilaktik şok”, yaxud “iynə ucunda ölüm” adlanır. Deyilə bilər ki, həkim xətaları Avropa təbabətində, ABŞ-da da olur. Doğru. Ancaq daha beləsi yox ki. Axı tibbdən azacıq anlayışı olan da bilir ki, antibiotik vurmazdan öncə orqanizmin ona həssaslığı yoxlanılmalıdır.

Hələ nə qədər belə “həkim” xalat altında öz potensial qurbanını gözləyir. Biz hələ naşı plastik cərrahların üzündən neçə-neçə azərbaycanlı gəncin öz həyatını itirməsini demirik. Odur ki, XXI əsrdə bu cür cinayətin üstündən laqeydliklə keçilə bilməz.

Qatil həkimlər… Belələri harada yetişir? Kim onlara “həkim” diplomu verir, görəsən? Bu ki, diplom yox, “can almaq üçün” lisenziyadır. Əmin olun ki, belələri səhiyyə sistemində heç də az deyil. Yalandan adama xəstəlik diaqnozu qoyub sonra onu guya müalicə edən, insanları havayı yerə xərcə, stressə salan başabəla “təbibləri” deyirik…

Bu günlərdə yaxın qohumlardan biri Türkiyədə müayinədən keçəsi oldu – buradakı analiz-prosedurlar şübhə doğurduğu üçün. Orada dəqiq diaqnoz qoyuldu, hamı öz işini bildi. İstanbuldakı klinikada qohumumu “UZİ”dən (ultrasəs müayinəsindən) kim keçirsə yaxşıdır? Professor ranqlı həkim! Təsəvvür edirsiz? Bizdə isə çox vaxt bu iş cavan, təcrübə toplamamış həkimlərə tapşırılır. Halbuki “UZİ” xəstəliklərin diaqnostikasında olduqca mühüm vasitə sayılır.

İddia eləmirik ki, bizdə yaxşı, savadlı həkimlər yoxdur. Əlbəttə, var. Fəqət, belələri də var. Xəstəyə insan kimi deyil, “pul kisəsi” kimi baxmaq problemi, insaniyyət məsələsi də var…

Düz deyiblər ki, bir millətin gələcəyini, genofondunu məhv eləmək üçün onun təhsilini məhv eləmək yetər. Çünki savadsız həkimi də, bisavad müəllimi də, bacarıqsız diplomatı və rəhbəri də həmin o qüsurlu təhsil sistemi yetişdirir.

Biz buna dövlət olaraq strateji məsələ kimi, milli təhlükəsizlik məsələsi kimi baxmağı bacarmalıyıq. Elə millət, fərd olaraq da. Xüsusın də orta və ali məktəb üçün peşəkar müəllimlərinin yetişdirilməsi əsas hədəflərdən olmalıdır. Çünki hər şey məktəb partasından, keyfiyyətli orta təhsildən başlayır.

Məktəbdən söz düşmüşkən, o gün Azərbaycanda uşaqlar üçün yayımlanan “ARB-Günəş” kanalında aparıcı məktəbliləri danışdırır, onlardan böyüyəndə nə olacaqlarını soruşurdu. Əksər uşaqlar da “həkim olacağam”, “polis olacağam” deyirdilər.

Yaxşı, hamı həkim, polis olacaqsa, onda yaxşı mühəndis, peşəkar diplomat, savadlı müəllim, bilikli iqtisadçı, biznesmen, jurnalist, lap elə yazıçı, din xadimi kim olacaq? İqtisadiyyatı kim inkişaf etdirəcək, idarə edəcək? Dövlətin sərhədlərini, xalqın təhlükəsizliyini qoruyan hərbçi, general, xəfiyyə kim olacaq? Həkimin pasiyenti həkimmi olacaq?

Təbi ki yox. Çünki bu, nə yaxşı ki, uşaqların öz arzusu deyil. Valideynlərinin istək-arzusudur ki, övladları ən “pullu peşələr”ə sahib olsunlar. Daha buna uşağın qabiliyyəti çatırmı, ən əsası, həvəsi varmı… valideyn üçün önəm daşımır.

Faciə ondadır ki, məhz elə zorən həkim edilənlərdən çıxır Şabranda 8 yaşlı Gülnur balanı bir iynənin güdazına verənlər! Bəla həm də ondadır ki, bizdə az valideyn övladlarını cəmiyyət üçün yaxşı və əxlaqlı vətəndaş kimi böyütməyi öz qarşısına məqsəd qoyur, onların bacarığı, istedadı və arzusu ilə maraqlanır, övladlarını düzgün peşə seçiminə yönəldir. Bir çoxu üçün əsas odur ki, uşaqlarının əli tez çörəyə çatsın, əli “pulla oynasın”. Daha bu pulun mənbəyi nə olacaq, onları qayğılandırmır.

Amma nahaq yerə. Məgər gələcəyin o savadsız, zorən həkimi mütləq kiminsə uşağını bədbəxt eləməlidir ki, valideyn övlad acısını anlasın?.. musavat

  DİGƏR XƏBƏRLƏR