Şəkidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib (FOTO)

Bu gün Şəkidə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib.

Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Şəki Rayon İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin büstü önünə əklil qoyub, mərkəzdə Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.

Daha sonra tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan xüsusi xidmət orqanlarının yaranması barədə danışıb. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığını deyən E.Usubov bildirib ki, bununla da Azərbaycan təhlükəsizlik orqanlarının əsası qoyulub:

“Bu il biz Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini qeyd edəcəyik. Bu münasibətlə yerlərdə bir sıra tədbirlər təşkil olunur. Şəhərimizdə keçirilən tədbir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinin öyrənilməsinə həsr olunub.

Ümummilli lider Heydər Əliyevin yaratdığı dövlət idarəçilik məktəbinin əsas məqsədi müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etməksir. Vətənpərvərlik və dövlətçilik Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli ideologiya kimi formalaşdı.

Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər nümunəvi ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. O qətiyyəti və cəsarəti sayəsində respublikanın təhlükəsizlik orqanında tədricən azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirib, çoxsaylı ziyalı və ictimai xadimləri həbsdən və təzyiqlərdən xilas edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamış, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanın formalaşmasına böyük əmək sərf etmişdi.

Sədaqətli və vətənpərvər ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının yaradılması da bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

E.Usubov deyib ki, bu gün Prezident İlham Əliyev ulu öndərin bu siyasətini yeni tələblərə uyğun şəkildə uğurla davam etdirir:

“Prezident İlham Əliyevin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir.

Hesab edirəm ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Şəki Şəhər İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin təşkil etdiyi bu tədbir gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, ulu öndərimizin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinin öyrənilməsində xüsusi rol oynayacaq”.

Tədbirdə çıxış edən “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü Əli Orucov ümummilli lider Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarındakı xidmətlərindən danışıb.

Bildirib ki, Heydər Əliyev sovet dövründə də Azərbaycan xüsusi xidmət orqanlarının milliləşməsinə, azərbaycanlı kadrların yetişdirilməsinə çalışıb.

Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə onunla birlikdə çalışdığını deyən Ə.Orucov qeyd edib ki, ümummilli lider həmin vaxtlarda ölkənin təkcə milli təhlükəsizlik sahəsində deyil, hüquq-mühafizə orqanlarının bütün sahələrində ixtisaslaşmış kadrların hazırlanması üçün əlindən gələni əsirgəməyib:

“Heydər Əliyev o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Zamanovu prokuror göndərdi. Bundan başqa, Heydər Əliyev o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin ixtisaslaşmış kadrı olan Arif Heydərovu Türkiyəyə hərbi attaşe göndərdi. Bir müddət sonra isə Heydər Əliyev Arif Heydərovu daxili işlər naziri təyin etdi. Heydər Əliyev hazırladığı kadrları bu cür püxtələşdirirdi”.

Ə.Orucov qeyd edib ki, Heydər Əliyev Azərbaycana qayıdandan sonra əhalinin sosial rifahının yaxşılaşması üçün bütün imkanlarından istifadə edib:

“O vaxt Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə sədr təyin olunanda Naxçıvanda vəziyyət olduqca gərgin idi. Ölkədə böhran yaranmışdı, əhali çörək almaq üçün günlərlə gözləyirdi, işıq yox idi, yaşayış minumum səviyyədə idi. Heydər Əliyev həmin vaxt Türkiyə tərəfi ilə danışıqlar apararaq əhalini acınacaqlı vəziyyətdən xilas etdi. Heydər Əliyev bütün vətəndaşlara eyni diqqəti, münasibəti göstərir, xalqın rifahının yaxşılaşdırılmasına çalışır, onların qayğısına qalırdı. Heydər Əliyev o vaxt hətta Əfqanıstanda xidmət edən Azərbaycan vətəndaşları ilə də tez-tez maraqlanır, onlara xüsusi diqqət yetirirdi. O tez-tez həmin şəxslərin problemləri ilə maraqlanırdı”.

İctimai Birliyin üzvü qeyd edib ki, Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə bütün sahələrin inkişafında Heydər Əliyevin əvəzolunmaz xidmətləri var:

“Respublikamızın təhlükəsizlik orqanları da ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev uzaqgörənliyi, qorxmazlığı ilə Azərbaycanın inkişafı üçün ağıllı siyasət yürüdüb, ölkənin bütün sahələrini inkişaf etdirib. Heydər Əliyevin mövqeyi milli köklərimizə bağlı idi. Heydər Əliyev qarşısına respublikamızın təhlükəsizliyini təmin etmək vəzifəsi ilə yanaşı, dövlət orqanlarının milliləşməsi vəzifəsini də qoydu və bunu böyük ustalıqla yerinə yetirdi. Mərkəzi idarəçiliyin nəzarət məngənəsinə baxmayaraq, Heydər Əliyev milli kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsi ilə məşğul oldu və neçə-neçə peşəkar kadrlar yetişdirdi. O, Azərbaycanın rəhbəri olduqdan sonra təhlükəsizlik orqanının, bu orqanın əməkdaşlarının nüfuzu daha da artdı. Heydər Əliyev yüzlərlə gənci Sovet İttifaqının şəhərlərinə təhsil almağa yola saldı. Heydər Əliyev həmin gəncləri təkcə təhlükəsizlik orqanları üçün deyil, Azərbaycanın xalq təsərrüfatının bütün sahələri üçün hazırlayırdı”.




  DİGƏR XƏBƏRLƏR