Ziya Məmmədovun 25 milyonluq avtobusları yararsız halda

Cənubi Koreyadan gətirilən 300 avtobusun oturacaqlarını söküb çıxarıblar, hərracda alan da yoxdur

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobusların çoxu sınıq-salxaq, sıradan çıxmış vəziyyətdədir.

Hazırda 40, 49, 24, 185, 186 saylı və onlarla belə marşrut xətlərində istifadəyə buraxılan avtobuslar dağılıb-tökülüb. Sürücülər ayaqüstə sərnişin daha çox götürmək üçün oturacaqları söküb çıxarıb, avtobusların qapıları cırıldıyır, dayanacaqda saxlayanda səsləri xarab araba kimi eşidilir, oturacaqlar natəmizdir, kart sistemi yoxdur.

Üstəlik, keçmiş nazirin gətirdiyi avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb. Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib.

Onlardan 27-si “”Daewoo” BC212MA” markalı avtobus, 8-i isə “Man Lion S Klassik A-74″ avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.

İlk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74″ avtobusları dördüncü hərracda 18.750 manata təqdim edilib. 12.150 manata təqdim edilən ””Daewoo”BC212MA” avtobusları isə bu dəfə hərraca 10.125 manata çıxarılıb.

2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılmışdı. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300  “Daewoo” avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.

Ancaq cəmi 8 il kifayət elədi ki, həmin avtobuslar yararsız vəziyyətə düşsün.  Daha doğrusu, elə istifadəyə verildiyi dövrdən cəmi 1-2 il sonra bu avtobuslar tökülüb-dağılmağa başladı. Çünki vaxtlı-vaxtında təmirə getmir, sürücülər necə gəldi idarə edirlər, səliqə-sahmana baxılmır. Sərnişinlər də bu şəraitdən narazıdırlar.

Onların sözlərinə görə, “BakuBus” avtobuslarındakı səliqə ilə keçmiş nazirdən qalan avtobuslardakı eybəcərlik arasında ciddi fərq var. Amma şəhərin əksər istiqamətlərində həmin bu bərbad avtobuslar işləyir.

Sərnişinlər bildirirlər ki, bu avtobusların sürücülərinə ciddi nəzarət də yoxdur. Kimisi sükan arxasında siqaret çəkir, kimisi intervala əməl etmir, kimisi təhlükəli idarə edərək qəza riski yaradır.

Paytaxtda bir çox marşrut xətləri bir-birini təkrarlayır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, bu, ekologiyanın çirklənməsi deməkdir.

Bakının mərkəzindən kənarda işləyən sərnişin avtobuslarının əksəriyyəti sərnişindən başqa kimi desən daşımağa yarayır. Bir qisim avtobuslar isə bir vaxtlar sabiq nəqliyyat nazirinin oğluna məxsus “Transgate Azerbaijan” şirkəti tərəfindən gətirilib.

2008-ci ildə Bakıya 200 ədəd “Daewoo”, 40 ədəd “MAN”, 20 ədəd “MAZ”, həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək paytaxt daxili xətlərə buraxılıb.

Bu proses sonrakı illərdə də davam etdirilib. Nəqliyyat Nazirliyinin o zamankı hesablamalarına görə, həmin illərdə Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac olub.

Bir müddət əvvəl yazmışdıq ki, 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belarusdan 948 ədəd iri və orta tutumlu avtobuslar alınıb.

Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərcləri daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan “MAN” markalı avtobusların biri Azərbaycan dövlətinə 250 min dollara başa gəlib.

İrandan gətirilən və “M-trans” şirkətinə məxsus sarı rəngli “Mercedes” markalı avtobuslar əsasən şəhərlərarası, Koreya istehsallı “Daewoo”, Almaniyanın “MAN” və Belarusdan alınmış “MAZ”lar isə Bakıda sərnişindaşımaya buraxılıb.

Bundan başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğızıstandan da Bakıya orta tutumlu sərnişin avtobusları gətirilib.

Paytaxtda sayına görə birinci sırada olan “Daewoo” avtobuslarının qiyməti isə 156 min dollar olub. Bütün avtobuslar dövlət vəsaiti hesabına alınsa da, sonradan həmin nəqliyyat vasitələri kredit yolu ilə özəl nəqliyyat şirkətlərinə satılıb.

Z.Məmmədov nazir olarkən, faktiki, paytaxtda sərnişindaşıma xidməti göstərən şirkətlərin hamısı Nəqliyyat Nazirliyinin patronajlığı ilə yaradılıb.“Yeni Müsavat”

  DİGƏR XƏBƏRLƏR