”Azəriqaz”ın adından istifadə edərək vətəndaşı aldatdı – VİDEO

Bakıda özünü ”Azəriqaz”ın əməkdaşı kimi təqdim edərək sakinləri aldadan və onların pullarını alan şəxs və ya şəxslər peyda olub.

Xezerxeber.az-ın məlumatına görə, onlar mənzillərin qapılarına yaxınlaşaraq özünü ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edir. Bundan sonra isə vətəndaşları aldadaraq onlardan pul alıb ərazidən uzaqlaşır.

Belə bir hadisə ilə paytaxt sakini Nəzakət Vəliyeva qarşılaşıb. O iddia edir ki, ötən gün günorta saatlarında bir nəfər onların mənzillərinə gələrək smart-kart tipli qaz sayğacında problemin olub-olmadığını yoxlamaq istədiyini və bunun üçün kartın ona verilməli olduğunu bildirib.

Bundan sonra isə həmin şəxs Nəzakət Vəliyevadan kartın dəyişdirilməsi üçün pul istəyib.

Daha sonra isə o, ”Azəriqaz” İstahsalat Birliyinin 104 saylı qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Qurumdan isə ona bildiriblər ki, həmin şəxsin ümumiyyətlə ”Azəriqaz” İstahsalat Birliyinə heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı ”Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Xəzər Xəbər”ə bildirdi ki, son günlər Bakıda bu cür hallara tez-tez rast gəlinir. Elə buna görə də qurum rəsmisi vətəndaşlara xəbərdarlıq edərək bildirdi ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər.

Ümumilikdə isə, bu cür hallarla qarşılaşan vətəndaşların yaşadıqları ərazi üzrə polis bölməsinə müraciət etmələri tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  DİGƏR XƏBƏRLƏR