Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində icra başçısı Eldar Əzizovla Rusiya Federasiyasının Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə qonaqları salamlayan E.Əzizov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

O qeyd edib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var: “Bu gün Azərbaycanla Dağıstan və İnquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir”.

Azərbaycanla Şimalı Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Dərbənd şəhər administrasiyasının başçısı Xizri Abakarov deyib ki, Dağıstanda Azərbaycanla münasibətlərə xüsusi önəm verilir.

Maqas şəhərinin meri Beslan Tseçoyev də Azərbaycanla İnquşetiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Görüş zamanı münasibətlərin genişlənməsində Bakı, Dərbənd və Maqas şəhərlərinin icra qurumlarının rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, görüşdən əvvəl nümayəndə heyətləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

  DİGƏR XƏBƏRLƏR