“Barselona” “Lion”u, “Bavariya” isə “Liverpul”u qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanacaq son iki komanda müəyyənləşəcək.

“Report” xəbər verir ki, bu, İspaniya və Almaniyada baş tutacaq 1/8 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

“Barselona” Fransa “Lion”unu, “Bavariya” isə İngiltərə “Liverpul”unu qəbul edəcək. Hər iki cütün ilk görüşündə heç-heçə qeydə alındığından növbəti qarşılaşmalar gərgin mübarizə vəd edir. Hərçənd, “Barselona”nı “Lion”la ev oyununda aşkar favorit saymaq olar.

Kataloniya təmsilçisi La Liqada 63 xalla lider olduğu halda, “şirlər” Liqa 1-də 50 xalla 3-cü yerdədir və 1-ci pillədəki PSJ-dən 21 xal geri qalır.

“Barselona”da Usman Dembele və Tomas Vermaleninin oynayıb-oynamayacağı dəqiq bilinmir. “Lion”da Amin Quiri zədəli, Marselo Filyonun durumu sual altındadır.

Digər cütlüyə gəldikdə, “Bavariya” Bundesliqada 57 xalla Dortmund “Borussiya”sı ilə zirvəni bölüşür. “Liverpul” isə Premyer Liqada 73 xalla 2-ci yerdədir və lider “Mançester Siti”dən 1 xal geri qalır.

Münhen komandasının heyətində Tomas Müller ilə Yozua Kimmix cəzalı, Korenten Tolisso və Aryen Robben zədəlidir. Kinqsli Komanın vəziyyətinə isə oyun saatında aydınlıq gələcək. “Liverpul”da 2 itki var. Aleks Oksleyd-Çemberlen və Co Qomes zədə üzündən meydana çıxa bilməyəcəklər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

13 mart

24:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa)

Baş hakim: Şimon Martsinyak (Polşa)

“Kamp Nou” stadionu

İlk oyun – 0:0

24:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Lorentso Manqanelli (İtaliya)

“Münhen Arena”

İlk oyun – 0:0.

Qeyd edək ki, daha öncə İngiltərənin “Tottenhem”,”Mançester Yunayted” və “Mançester Siti”, İtaliyanın “Yuventus”, Portuqaliyanın “Portu”, Hollandiyanın “Ayaks” komandaları 1/4 finala vəsiqə qazanıb.

  DİGƏR XƏBƏRLƏR