Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir – Komitə sədri

“Azərbaycanda əvvəllər qadınlar yalnız sosial problemlərinin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirdilər, indi edilən müraciətlər isə daha çox qadınların ictimai fəallığı ilə bağlıdır. Qadınlar komitəyə hansısa ictimai təşkilatların, müəssisələrin açılması üçün müraciət edirlər. Bu da bizi sevindirir”.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 3-cü “SHE Congress 2019” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq konfransında deyib.

Onun sözlərinə görə, bu gün dövlət orqanlarında Azərbaycan qadınları yüksək vəzifələri tutur.

H.Hüseynova 21-ci əsr qadınlarının qarşısında yeni vəzifələr dayandığını söyləyib: “Bu gün Azərbaycan qadınlarının qarşısında yeni vəzifələr dayanıb. Biz necə etməliyik ki, qadın inkişafa tab gətirə bilsin. Qadın, ilk növbədə yüksək təhsilli olmalıdır ki, əmək bazarında rəqabətə davamlı olsun”.

Komitə sədri qeyd edib ki, yalnız Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir: “Uzun zaman belə bir streotip yaranıb ki, Azərbaycan qadınları yalnız yaxşı evdar qadın, yaxşı ana olmalıdırlar. Amma Azərbaycan qadını ictimai-siyasi sahədə də fəal ola bilir”.

H.Hüseynova vurğulayıb ki, qadınlar dövlətimizin yaratdığı bütün imkanlardan istifadə edirlər və dövlətin qayğısını görürlər: “Bu gün çox yaxşı haldır ki, qadınlar, xüsusilə gənc qızlar ictimai-siyasi proseslərə fəal cəlb olunurlar. Ölkəmizdə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar özlərinə inanmırdılar. Amma sonradan aparılan təbliğat nəticəsində qadınların bələdiyyə orqanlarında təmsilçiliyi artdı. Güclü, professional qadının fəaliyyətinin qarşısını heç kim ala bilmir”.

Komitə sədri məlumat verib ki, hazırda qadın sahibkarların sayı ölkədəki bütün sahibkarların 30 faizini təşkil edir: “Azərbaycanın gənc gövlət olduğunu nəzərə alsaq, qısa zaman ərzində belə yüksəlişin olması təqdirəlayiqdir”.

  DİGƏR XƏBƏRLƏR