Cahangir Hacıyevin məhkəməsində FHN əməkdaşları şahid qismində ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası fasilədən sonra davam etdirilib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, prosesdə şahid qismində ifadə verən Şahin Xəlilbəyov deyib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kommunal Lahiyələndirmələr İnstitutunda smeta şöbəsinin müdiri olub: “Bizim mütəxəssislər şirkətlərin tikinti işlərinin iş həcmlərini yoxlayıb, bazar qiymətləri ilə uyğunlaşdırdılar. Həmin vaxt komissiya üzvü idim, mühəndis kimi çalışırdım, işim isə Forma 2-dən götürülən rəqəmlərlə cədvəli tərtib etmək olub. Cədvəldə göstərilən rəqəmlərin hamısı doğru idi”.

Şahid “İnterqlas” şirkətində də tikinti işlərinin iş həcmlərinin yoxlanıldığını bildirib: “Bu şirkətdə bizim əməkdaşlardan ikisi yoxlama aparıb”.

Məhkəmədə elan olunub ki, FHN-in əməkdaşları istintaq orqanının göstərişi əsasında D.Xəlilova məxsus şirkətlərin tikinti işlərinin iş həcmlərini yoxlayıb, bazar qiymətləri ilə uyğunlaşdırıb və daha sonra Forma-2-dən götürülən rəqəmlərlə cədvəl tərtib ediblər.

Daha sonra şahid qismində dindirilən FHN-in Kommunal Lahiyələndirmələr İnstitutunda smeta şöbəsinin baş mütəxəssisi Tünzalə Əfəndiyeva qeyd edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona Forma-2 təqdim etdikdən sonra “Solit” şirkətində iş həcmlərini yoxlayıb: “Elə olurdu ki, yerində olanlar Forma-2-də yox idi. Biz onları da əlavə edirdik”.

Şahidin sözlərinə görə, yoxlama zamanı şirkətin rəhbəri, təqsirləndirilən Natiq İmanovu ərazidə görüb: “Mənə dedi ki, tikinti onun dövründə olmayıb”.

N.İmanov da şahidin dediklərini təsdiq edib: “Bəli, həmin tikinti mən şirkətə rəhbərlik etməmişdən əvvəl olub”.

Şahid İlkin Cəfərov ifadə verən zaman vurğulayıb ki, FHN-nin əməkdaşı olub. O bildirib ki, şirkətlərdə Forma-2-lərə əsasən iş həcmlərini yoxlayıb.

Məhkəmədə elan olunub ki, İ.Cəfərov komissiya sədri olub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

  DİGƏR XƏBƏRLƏR