Ermənistan xüsusi xidmət orqanlarının Bakı metrosunda törətdiyi terror aktından 25 il ötür

Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 25 il ötür.

ONA-nın xəbərinə görə, 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında terror aktı törədilib.

Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın xalq artisti Rafiq Babayev də olub.

İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirilib. “20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.

Bakı Metropolitenində ən böyük insan itkisi isə 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 adam həlak olub, 270 nəfər isə xəsarət alıb.

  DİGƏR XƏBƏRLƏR