Genetik Ehtiyatlar İnstitutu: Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir

Azərbaycanın dünyada nar bitkisinin ilkin əmələgəlmə mərkəzlərindən biri olmasını təsdiqləyən yeni nəticələr əldə edilib.

Bunu özəl olaraq Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın Azərbaycan mənşəli nar sortu məlumdur. Bizim tərəfimizdən ilk dəfə narın 85 sort və formasının genetik müxtəlifliyi molekulyar səviyyədə tədqiq edilib. Tədqiqat zamanı nümunələr arasında genetik müxtəlifliyin yüksək olduğu olduğu aşkar edilib, yəni hər bir nar sortu digərlərindən fərqlənib.

Z.Əkpərov deyib ki, nar sortlarının bu qədər müxtəlifliyi onun uzun illər ərzində yarandığını və Azərbaycanda nar bitkisinin min illər ərzində yetişdiyini göstərir:

“Hazırda narın əsas vətəni Azərbaycanla yanaşı, İran, Türkiyə, Gürcüstan və Əfqanıstan sayılır. Amma Azərbaycanda nar sortlarının müxtəlifliyi və yabanı formalarının yayıldığı ərazilər çoxdur. Hesab edirik ki, Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir. Bu fakt bizim tərəfimizdən molekulyar səviyyədə aparılan tədqiqatla sübuta yetirilir”.

Z.Əkpərov öyrənilən nar nümunələrinin genetik profillər əsasında pasportlaşdırıldığını da qeyd edib.

Nəticələr əsasında ingilis və rus dillərində hazırlanan məqalələr Rusiya Elmlər Akademiyasının “Genetika” jurnalında dərc edilib.

  DİGƏR XƏBƏRLƏR