Martın 15-dək I sinfə qəbulla bağlı suallara “Facebook”da cavab veriləcək

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verməyə başlayıb.

İdarədən Trend-ə verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılır. “Facebook” səhifəsində sualların cavablandırılması martın 15-də bitəcək.

Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi ww.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemində avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

  DİGƏR XƏBƏRLƏR