Millət vəkili: Prezidentin əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir: “Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır, xüsusi təhlükəli hallar istisna olmaqla cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Budəfəki sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi. Əfv olunanlar arasında xarici ölkə vətəndaşları da var. Əfvetmə cəmiyyətimizdə, ictimai rəydə olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi”.

Millət vəkili əlavə edib ki, hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər və sosial təbəqələr bəzən hüququ texniki baxımdan özünəməxsus şəkildə şərh edir və elə ona uyğun olaraq da dərk edirlər:

“Məhkəmə hüquq sistemi nə qədər adil olursa-olsun, hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur. Əfv sərəncamları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur. Əlbəttə, bu faktor da vacibdir və pozitiv əhvali-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-cil ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxlər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə, əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir. Ona görə də imzalanan hər əvf sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

  DİGƏR XƏBƏRLƏR