Prezident İlham Əliyev Ermənistana Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı

Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənstanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş rəsmi Yerevanın danışıqlar prosesinin formatını dəyişdirmək, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrini münaqişə tərəfi kimi danışıqlar masasına oturtmaq cəhdlərinin iflasa uğraması demək idi. Bu, həm də Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Dövlətimizin başçısı Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi düzgün mövqedir, maraqlarımıza, o cümlədən regionun maraqlarına cavab verir:

“Artıq Ermənistanın bu məsələdə Azərbaycanla razılaşmaqdan başqa yolu qalmır. Bildiyiniz kimi, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüş idi. İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan görüşlər sadəcə olaraq tanışlıq xarakteri daşıyırdı. Ancaq ciddi, kompleks hazırlıqlı görüş ilk dəfə idi ki baş tuturdu”.

Deputat vurğulayıb ki, Ermənistanın yeni hakimiyyəti bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişdirilməsi və işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimi tərəf kimi danışıqlar prosesinə cəlb etmək üçün çox səy göstərdi:

“Lakin Azərbaycanın prinsipial mövqeyi formatın olduğu kimi qalmasına səbəb oldu və Ermənistan əvvəlki mövqeyindən geri çəkilərək məhz münaqişə tərəfi kimi danışıqlara getməyə məcbur oldu. Bunu Azərbaycan diplomatiyasının, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində prinsipal mövqeyinin növbəti uğuru kimi qiymətləndirmək olar. Eyni zamanda, bu məsələdə beynəlxalq ictimaiyyətin, ilk növbədə ATƏT-in Minsk qrupunun Azərbaycanın mövqeyini dəstəkləməsi rol oynadı”.

O qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan bu görüş ilk növbədə mövqelərin bir daha aydınlaşdırılmasına, problemin həlli ilə bağlı müxtəlif variantların nəzərdən keçirilməsinə həsr olundu:

“Tərəflərin öz ölkələrinin xarici işlər nazirlərinə yaxın vaxtlarda yenidən görüşərək bir sıra məsələləri müzakirə etməyi tapşırması onu göstərdi ki, problemin həllində Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsindən başqa variant yoxdur. Əslində bu variant bu gün Ermənistanın da maraqlarına xidmət edir. O baxımdan ki, Ermənistanın Azərbaycan və onun müttəfiqi Türkiyə ilə sərhədlərinin bağlı olması, gəlirlərinin böyük bir hissəsini gücü çatmayan hərbi sahəyə yönəltməsi əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olub və Paşinyan da məhz bu sosial dalğa fonunda hakimiyyətə gəlib.

Əgər Paşinyan sosial problemləri həll etməsə, onu yeni bir sosial etiraz gözləyə bilər. Paşinyan bunu yaxşı dərk edir. Ümumiyyətlə, münaqişənin yeganə həlli Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması, Azərbaycan işğal olunmuş ərazilərinin geri qaytarılmasıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd olunur.

  DİGƏR XƏBƏRLƏR