“Westgold”la bağlı dəhşətli iddia: Bu, üfunət qoxusudur, yoxsa ticarət şəbəkələrinin haqsız rəqabəti?

Mediada ölkəyə gətirilən kərə yağlarına zərərli qatqı maddələrinin vurulması ilə bağlı məlumat ictimai narahatlığam səbəb olub. Belə ki, indiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan “Westgold” kərə yağlarına son 1 aydır, mənşəyi bəlli olmayan qatqıların qatıldığı iddia edilir.

Bu barədə demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də “Bravo” və “Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur: “Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də “Bravo” və “Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta “Bazarstore” şəbəkəsinin metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər”.

Həmçinin məlumatda bildirilir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara da müraciət edilib.

“Westgold” kərə yağının istehsalçısı olan “West product marketing” şirkətinin satış meneceri Bizimyol.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu və şirkətin məhsullarının xüsusi sertifikatları olduğunu bildirib:“Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. “HALAL” və “KOSHER” sertifikatları mövcuddur. Belə halların aşkarlanması mümkünsüzdür. Daha ətraflı məlumatı isə fakt konkret olaraq araşdırılandan sonra verə bilərik”.

Maraqlıdır ki, şikayətçi təkcə konkret markalı yağı deyil, “Bravo” və “Bazarstore” marketlər şəbəkələrini də ittiham edib. Bəs görəsən, həqiqətən eyni markadan olan yağ fərqli marketlərdə müxtəlif tərkiblə satıla bilərmi? Onların tərkibinin ölkəyə gətirildikdən sonra dəyişdirilməsi mümkündürmü? Yoxsa, bu sadəcə adı çəkilən ticarət şəbəkələrinin nüfuzdan salınması üçün atılır?

Bu barədə musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məsələ birmənalı şəkildə ayrı-ayrı şəbəkələrin bir-birinə böhtan atıb sıradan çıxartmaq siyasətinin nəticəsidir: “4 il öncə mən Yeni Zellandiyaya dünya konqresinə getmişdim. O zaman yağlarla bağlı çoxlu məlumat əldə etmək imkanım oldu, “Westgold” kərə yağının zavoduna getdim. Bu sözlərim reklam kimi anlaşılmasın. Mən orada Azərbaycan üçün istehsal edilən yağın markalanmasına baxdım. Həmçinin istehlakçı təşkilatın köməyi ilə fermer təsərrüfatına da baxdım. Tam əmin oldum ki, orada Azərbaycan dilində markalanan və ölkəmizə göndərilən yağlar normaldır. Qiymətinin formalaşması da tam normaldır. Yeni Zellandiya təkcə yağ ixracından 1 ildə 12 milyard dollar pul qazanır. Bu məsələ birmənalı şəkildə ayrı-ayrı biznes qurumları arasında gedən bir-birini sıradan çıxartma siyasətidir”.

Eyyub Hüseynov hansısa işbazların saxta yağ hazırlaması ehtimalını da istisna etmir: “Ola bilər ki, kimsə yağı alsın, tərkibinə nələrlə qarışdırsın və saxta şəkildə  qablaşdırsın. Bunu da araşdırmaq mümkündür. Yeni Zellandiya öz məhsulların bütün dünyada sona qədər nəzarət edir. Çünki ölkə tamamilə  aqrar sektordan maliyyələşir. Mən inanmıram ki, bu ölkə öz məhsulu ilə bağlı hansısa saxtakarlığa yol versin”.

Ekspert vurğuladı ki, əgər yağın qablaşdırıldığı kağızın rəngində materialında da fərq varsa, bu, o deməkdir ki, saxta variantları da var: “Əgər mənə hər iki nümunə verilsə, biz mətbuatla birgə bunun araşdırmasını apara bilərik, hətta mən Yeni Zellandiya ilə əlaqə saxlayaram. Biz bunu ifşa edə bilərik”.Musavat.com

  DİGƏR XƏBƏRLƏR