Birinci sinfə qəbul üzrə 36 mindən artıq sorğu yerləşdirilib

Aprelin 4-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 36 289 sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 33 296-sı ümumi təhsil məktəblərini, 2 993-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur.

2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

  DİGƏR XƏBƏRLƏR