Culian Assanjın əlində hansı sirlər var?

Politoloq: “Wikileaks”in rəhbərinin həbsi yeni qalmaqallar yaradacaq”

“Wikileaks” saytının qurucusu, ABŞ diplomatlarının sirləri, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri və məxfi dinləmələri, casusluq qalmaqalları, həmçinin ABŞ-ın hərbi cinayətləri ilə bağlı çox sayda məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yayan avstraliyalı jurnalist Culian Assanj Ekvadorun Londondakı səfirliyində həbs olunub.

Polisinin bəyanatında bildirilir ki, buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyanın ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib.

London polisi bəyan edib ki, Assanjın həbsi 2012-ci ilin iyununda Vestminster magistral məhkəməsinin çıxardığı əmrə əsasən icra olunub və tezliklə məhkəmə qarşısına çıxrılanadək avstraliyalı jurnalist Londonun mərkəzindəki polis məntəqələrindən birində saxlanılacaq.

Assanj ile ilgili görsel sonucu

Nəzərə alsaq ki, o, xeyli sirləri bilir və yayıb, o zaman jurnalistin həbsi yeni qalmaqallar yarada bilərmi?

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, “Wikileaks” məsələləri ilə bağlı müəmmalar çoxdur: “Təbii ki, Assanjın məsələsi yeni qalmaqallar yaradıb və yaratmaqda davam edəcək. Bu məsələyə hətta BMT də münasibət bildirmişdi, eyni zamanda nəzərə alaq ki, bu məsələyə ABŞ, İngiltərə, Ekvador, İsveç, Avstraliya qarışıb. Faktiki olaraq Assanj məsələsi beynəlxalq qalmaqal yaradıb. Hətta onun sığındığı Londondakı Ekvador səfirliyinin Britaniya hökuməti tərəfindən diplomatik toxunulmazlıq statusunu qaldırmaq fikri də var idi. 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əsasən, diplomatik nümayəndəlik binalarının toxunulmazlıq hüququ var. Bu məsələyə görə də Britaniya polisi Ekvador səfirliyinə daxil olub Assanjı həbs edə bilmirdi. Lakin bir məsələ də var ki, əgər səfirlik, konsulluq binaları məqsədli şəkildə cinayətkarı gizlətmək üçün istifadə olunursa, o zaman diplomatik nümayəndəliyin yerləşdiyi ölkə onun toxunulmazlıq statusunu ləğv edə bilər. Bu, diplomatik münasibətlərdə çox nadir baş verir, lakin Assanj ucbatından Britaniya-Ekvador münasibətləri bu həddə gəlmişdi. Bir məsələ də var ki, Assanjın cinayət məsuliyyətinə cəlb olunması heç də bir çoxlarının güman etdiyi kimi ABŞ dövlət sirlərinin yayılmasına görə deyildi. Doğrudur, o, ABŞ-da dövlətin düşməni elan edilib. Lakin Assanj iki isveçli qadına qarşı cinsi təcavüz ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Onun məsələsi Dünya Bankının keçmiş prezidenti Stross-Kan hadisəsisini xatırladır, yaxud Trampın ətrafında seçkiqabağı qadınlarla bağlı qalmaqalı”.

Ä°lgili resim

Politoloq söyləyib ki, bu kimi bəhanələrin altında siyasi məqsədlər var:

“Assanj dünya informasiya savaşında yeni bir səhifə açıb. O, fövqəldövlətin hərbi, siyasi, diplomatik sirlərini yayıb. Snouden kimi Assanj da ABŞ dövlətinin məxfi sirlərini açıqlayıb. Sadəcə, ABŞ Snoudendən fərqli olaraq Assanjı ittiham edə bilmir, çünki onu ittiham etmək yüz minlərlə ”Wikileaks” sənədlərinin doğruluğunu qəbul etmək olardı. Həmin sənədlərin doğruluğu isə Amerikanın dünyada apardığı siyasəti ifşa edir. Odur ki, Assanjı başqa ittihamlar əsasında həbs ediblər. Bununla belə, Britaniya Ekvadora zəmanət verib ki, Assanj ABŞ-a ekstradisiya olunmayacaq. Bu şərt daxilində Ekvador onun öz səfirliyində ingilis polisi tərəfindən həbsinə icazə verib. Əgər İngiltərə öz sözünün üstündə durmayıb, onu ABŞ-a ekstradisiya etsə, təbii ki, bu, böyük qalmaqala səbəb ola bilər. Hər halda, mən bu işin arxasında Assanjın təkbaşına dayandığına inanmıram. Bu, bir və ya bir neçə böyük dövlətin kəşfiyyatlarının ABŞ-a qarşı uğurlu əməliyyatı olub. Fövqəldövlətin yüz minlərlə məxfi sirlərinin açılması, yayılması Assanjın gücü daxilində deyil və onun niyə bunda maraqlı olması sual doğurur”.

Məmmədova qeyd edib ki, bu, ABŞ-ı dünyada nüfuzdan salma əməliyyatı idi və uğurla başa çatdı: “Assanj isə qadınlara təcavüz ittihamı ilə meydanda təkbaşına qalan zəif fiqurdur. Bəzi ABŞ senatorları hətta Assanjı xain adlandıraraq onun fiziki məhvinə çağırıblar. Bununla belə real həyatda və virtual olaraq onun çoxlu tərəfdarları da var və onlar belə hesab edir ki, Assanjın həbsi internetdə, ümumiyyətlə dünyada söz azadlığına olan hücumdur, buna qarşılıq verəcəklər. Hətta İnterpol, ABŞ, İngiltərə, İsveç, Avstraliya hökumətlərinə kiberhücumlarla təhdid edirlər. “Time” jurnalı, “Guardian” qəzeti onu ilin adamı elan ediblər, 100 ən nüfuzlu şəxs sırasına daxil ediblər. “Amnesty International” təşkilatı da Assanjı cəsarətinə görə mükafatlandırıb. Assanj söz azadlığı, cəsarətli jurnalist araşdırmasına görə bir sıra mükafatlara layiq görülüb. Dünyada ona münasibətdə iki mövqe var: dövlət sirlərinə kiberhücumlar təşkil edib onu yayan kibercinayətkar və dünyada söz azadlığı carçısı. ABŞ yaxud başqa bir dövlət öz məxfi sirlərinin yayılmasına gəlincə, onu dövlət düşməni elan edir, lakin eyni hal başqa bir dövlətə qarşı baş versəydi yəqin ki, onu söz azadlığının carçısı, demokrat kimi təqdim edərdilər”.

  DİGƏR XƏBƏRLƏR