Hər milyonçu 10 tələbə oxutsa…

Xalid KAZIMLI

Srağagün millət vəkili Qənirə Paşayeva qonaq gəlmişdi, oturub söhbət edərkən söz hərlənib-fırlanıb xeyriyyəçilikdən, gənclərə, tələbələrə yardım göstərməkdən düşdü.

Daha dəqiqi, söhbəti bu yerə mən gətirdim, Qənirə xanımın ötən il mənim xahişimlə magistraturada təhsil alan və təhsil haqqını ödəməsində problem yaranmış bir qızı düşdüyü situasiyadan çıxarmasına görə gec də olsa ona minnətdarlığımı bildirdim. Millət vəkili təbii olaraq “istedadlı gənclərə qayğı göstərmək borcumuzdur” dedi və bu sahədəki durumdan danışdı.

Bilən bilir, Qənirə Paşayevanın telefonu susmur, ona ard-arda bu sayaq problemlərin həlli üçün zənglər gəlir və o, bacardığı, gücü yetdiyi qədər ehtiyaclı insanlara dəstək olur, olmağa çalışır. Ancaq xanım deputat da etiraf edir ki, bu sahədə vəziyyət ürəkaçan deyil, tək-tək adamların xeyriyyəçiliyi, yanımcıllığı ilə durumu düzəltmək mümkün deyil.

Dünya elə bir dövrə qədəm qoyub ki, istedadlı gənclərin ələkdən keçirilib seçilməsi, onlara qayğı göstərilməsi, təhsillərinin davam etdirilməsinə təkan verilməsi az qala ümummilli məsələdir. Yaponiya və Cənubi Koreya gənclərinin hansı elmləri öyrəndiklərini, bir müddətdən sonra hansı elmi ixtiralarla öz ölkələrinə necə faydalı olduqlarını, dövlətlərinə milyardlar qazandırdıqlarını göz önündə tutmaq lazımdır.

Biz də dövlətimizin güclü, xalqımızın öncül olmasını istəyiriksə, bu istiqamətdə çalışmalar etməliyik. Bunun çox sadə yolu var: istedadlı gəncləri seçmək, onların məişət qayğılarını çəkmək, təhsillərini son pilləyədək davam etdirmələrinə lazımi şərait yaratmaq.

Bu, tək dövlətin görəcəyi bir iş deyil. İstər bu ölkənin çörəyi-suyu ilə böyüyən və öz varidatını ölkə xaricində qazanmış milyonçu, milyarder iş adamları, istərsə də öz ölçüyəgəlməz varidatlarını vətəndə əldə edən varlı adamlar bu işə öz töhfələrini verməlidirlər. Onların hərəsi xarici ölkələrin ən yaxşı universitetlərində (məsələn, Harvard, Oksford, Kembric və s.) 5, 10 tələbəni oxutsalar, onların təhsil haqqını ödəsələr, təqaüd versələr, problem həll olunar.

Az-az nümunələr var. Türkiyədə oxuyan 100 tələbənin təqaüd məsələsi həll olunub. Rusiyada yaşayan və qazanan milyarderlərimiz də oradakı gənc həmvətənlərimizə yardım göstərə bilərlər. Eləcə də Ukraynada, digər Avropa ölkələrindəki varlı həmvətənlərimiz də əllərini o daşın altına qoysalar, biz təhsil sferasında mühüm nailiyyətlər əldə edə bilərik.

Bu, ona görə vacibdir ki, xalqımız məhz bütün sahələr üzrə yüksək təhsilli yeni nəslin sayəsində dünya üzərində gedən və min illərdən bəri davam edən yaşayış uğrunda mübarizədə zəif durumda qalmasın, daima güclü olsun, düşmənlərimizlə baş edə bilsin, bu amansız yarışmadan qalib çıxsın.

Bu xüsusda durum ötən əsrin bu vədələrindən fərqlənmir. Necə ki, o vaxtlar millətin balalarının təhsili ilə əsasən Hacı Zeynəlabdin Tağıyev məşğul olub, bu işə böyük məbləğdə pul ayırıb, indi də yalnız ayrı-ayrı şəxslər bu məsələnin vacibliyini anlayırlar. Yerdə qalanı, tam əksəriyyət bu cür ümummili məsələlərə barmaqarası yanaşır.

Əvəzində ötən əsrin əvvəlindəki haramxorluq, harınlıq, xudbinlik daha ifrat şəkildədir. O vaxtlar ölkənin sərvətini istismar edib Peterburqdakılara, Parisdəkilərə, Berlindəkilərə yedirdənlər, şampan şərabıyla dolu vannalarda rəqqasə çimizdirənlər, amma bir kasıb balasının təhsili üçün 100 manat verməyənlər necəydisə, hazırda da bahalı maşınlardan ibarət kolleksiya-qaraj düzəldənlər, ölkə xaricində və öz ölkəmizdəki yaşıl rayonlarda imarətləri qoşa-qoşa tikdirənlər, hər xarici səfərində milyonlar xərcləyənlər də o cür düşünür, bunlar da bir imkansız tələbənin xaricdə daha yaxşı təhsil almasına kömək göstərmirlər.

Bu ənənəyə son qoyulmalıdır. Hər kəs anlamalıdır ki, dövləti, ölkəni güclü edən onun elmli insanlarıdır. Onların yetişməsinə maya qoymayandan, xərc çəkməyəndən sonra hansı parlaq gələcəkdən danışmaq olar? Alverlə, ticarətlə, iaşə xidməti ilə yalnız baş dolandırmaq mümkündür, dünyada baş çıxarmağın yolu isə təhsilli, savadlı, elmli olmaqdan keçir.

Əgər Qənirə Paşayeva kimi bir maarifpərvər və xeyriyyəçi ictimai xadim də bu xüsusda pessimistdirsə, görün, durum nə yerdədir. Musavat

  DİGƏR XƏBƏRLƏR