Kosmonavtların maaşı açıqlandı

Rusiyada kosmonavtın orta aylıq maaşı təxminən 2600 dollardır. Bu da onları qane etmir. Hesab edirlər ki, bu məbləğ onların gördüyü işə adekvat deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiyanın Milli Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Zaletin danışıb. O həm də Kosmonavtların Hazırlığı Mərkəzinin rəhbərinin müşaviridir.

Sergey Zaletin
Sergey Zaletin | Foto: European Space Agency

“Komandaya yeni gələn kosmonavt 1700 dollar alır. Artıq iki-üç uçuş etmiş birinci dərəcəli kosmonavta isə ayda 4650 dollar verilir. Beləliklə, orta aylıq maaş 2600 dollar alınır. Hesab edirəm ki, onların maaşı yüksək vəzifəli məmurların aldığı əməkhaqqıdan az olmamalıdır. Həyat yoldaşı işləməyən, iki övladı olan kosmonavt üçün 1700 dollar adekvat rəqəm sayıla bilməz”, -Sergey Zaletin bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda Rusiyada 33, ABŞ-da təxminən 50, Avropada isə 20 nəfər fəaliyyət göstərən kosmonavt var.

Zaletin iki dəfə kosmosa gedib – 2000 və 2002-ci illərdə.

Bugünlərdə Rusiyada Nüvə Araşdırmaları İnstitutunun elmi işçisi Vyaçeslav Dokuçayev demişdi ki, bundan sonra kosmosun öyrənilməsi insanlar yox, robotlar vasitəsilə həyata keçirilməlidir.

  DİGƏR XƏBƏRLƏR