“Qarabağ”ın sabiq qapıçısı: “Azərbaycan karyeramı ən uğursuz dövr saymaq olar”

“Valyur”a qayıtmağımın səbəbləri çoxdur. Mən Azərbaycanda oynamırdım və daim heyətə düşə biləcəyim klub barədə düşünürdüm”.

ONA-nın məlumatına görə, bunu İslandiya milli komandasının qapıçısı Hannes Halldorsson deyib.

Azərbaycan çempionu “Qarabağ”la müqaviləsinə xitam verildikdən sonra vətəninə qayıdan islandiyalı qolkiper “Valyur”la 4 illik anlaşıb. O, təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırıb və qayıdışının səbəblərindən danışıb: “Skandinaviyada bir neçə kluba keçib qısamüddətli müqavilə imzalaya bilərdim. Amma 5-6 il ölkə xaricində oynadıqdan sonra vətənə qayıtmağın vaxtı çatmışdı. “Valyur” ən çox arzuladığım komanda idi.

“Qarabağ”dakı durumum ürəkaçan olmadığından daim zənglər alırdım. Geri dönmək qərarımda millinin bir nömrəsi olmağım rol oynadı. Mən yığma ilə AVRO-2020-də oynamaq istəyirəm”.

H.Halldorsson daha çox ehtiyatda qaldığı “Qarabağ”dan ayrıldıqdan sonra Azərbaycan haqda kitab yaza biləcəyini də vurğulayıb: “Daha bir il ehtiyatda qalmaq istəmədim. Futbolçu olduğumdan oynamalıyam. Buna görə də “Qarabağ”dan getməyə qərar verdim. Azərbaycanda keçirdiyim müddət mənim üçün heç də yaxşı olmadı. Bunu karyeramın enişi, ən uğursuz dövrü də saymaq olar. Mən ordakı karyeram barədə kitab yaza bilərəm və vaxtı çatanda bunu edəcəm”.

Qeyd edək ki, H.Halldorsson ötən ilin yayında transfer olunduğu “Qarabağ”da 8 oyun keçirib.

  DİGƏR XƏBƏRLƏR