Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim təşkil olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda keçirilmiş təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-ə yaxın sahibkar yararlanıb.

Sahibkarlara onlayn təlimi KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə izləmək imkanı da yaradılıb.

Onlayn təlim zamanı sahibkarlar üçün qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklər barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub.

Onlayn təlim çərçivəsində sahibkarlara eksperlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekpsertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 10 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq Agentlik tərəfindən mütəmadi olaraq onlayn təlimlər keçirilir. İndiyədək təşkil olunmuş onlayn təlimlərdən 1200-ə yaxın sahibkar yararlanıb. KOBİA tərəfindən sahibkarları daha çox maraqlandıran mövzular üzrə onlayn təlimlər davam etdirəcəkdir.

  DİGƏR XƏBƏRLƏR