Şəhid pilotun bacısı: Urfan torpaqlarımızın işğal altında olmasından çox narahat idİ (FOTO)

Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə şəhid pilotlar mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılovun xatirəsinə həsr olunmuş tədbir keçirilib, məzarları ziyarət olunub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, mərasimdə Azərbaycan Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları iştirak ediblər.

Mayor Urfan Vəlizadənin bacısı Xuraman Vəlizadə Trend-ə bildirib ki, Urfan həmişə Vətənə bağlı insan olub: “O torpaqlarımızın işğal altında olmasından çox narahat idi. Həmişə deyirdi ki, torpaqlarımızı erməni işğalından azad etmək üçün döyüşməliyik, bu problemi biz həll etməliyik ki, uşaqlarımız böyüyənə qədər Qarabağ bizim olsun, onlar müharibəsiz şəraitdə yaşasınlar. Urfansız keçən hər bir gün bizim üçün çox ağırdır, hələ də onun ölümü ilə barışa bilmirik”.

Qeyd edək ki, Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə Hərbi Hava Məktəbinə daxil olub. 2016-cı il aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılov ilə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstərib. Qəhrəman pilotlarımızın birgə idarə etdiyi “Mi-24” helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum edən düşmən qüvvələrinə böyük zərbə vurub. Helikopterin düşmən tərəfindən vurulması nəticəsində onların hər üçü qəhrəmancasına həlak olub.




  DİGƏR XƏBƏRLƏR