UEFA-nın klub reytinqi

UEFA-nın klub turnirləri olan Çempionlar Liqası və Avropa Liqasında dörddə bir finallar arxada qalıb. Novator.az-ın məlumatına görə, 237 klubun buraxıldığı 2018-2019 mövsümünü 8 komanda (hər turnirdə 4-ü) davam etdirir. İngiltərə 4, İspaniya 2, Almaniya və Hollandiya 1 komanda ilə təmsil olunur.

Yarımfinallar ərəfəsi klub reytinqində İspaniya birincidir: 103,283 əmsal. İngiltərə 82,891 əmsalla ikinci, İtaliya 74,725 əmsalla üçüncü sırada qərar tutur.

Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Rusiya 55 UEFA üzvü arasında 6-cı, Ukrayna 9-cu, Türkiyə 10-cu, Belarus 21-ci, Qazaxıstan 24-cü, Azərbaycan 26-cı, Moldova 35-ci, Litva 41-ci, Latviya 42-ci, Ermənistan 44-cü, Estoniya 46-cı, Gürcüstan 47-ci yerdədir.

Son pillədə San Marino göstərilir: 0,666 əmsal.

  DİGƏR XƏBƏRLƏR