Yanğın baş vermiş Paris Notr-Dam Kilsəsi niyə bu qədər məşhurdur?

Bütün dünya dünən nadir dini və mədəniyyət incilərindən olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla sarsılıb.

ONA-nın məlumatına görə, hər kəs yanğını həyəcanla izləyib, dünya liderləri fransız xalqına dəstək mesajları verib, aparıcı media orqanları hadisə yerindən canlı yayımlar edib, xəbərlər tirajlayıb.

Bəs, Paris Notr-Dam Kilsəsini bu qədər əhəmiyyətli edən nədir? Bu kilsə niyə bu qədər məşhurdur?

Paris Notr-Dam və ya Paris Məryəm Ana Kilsəsi Fransa paytaxtının simvollarından hesab olunur. Həmçinin bəşəriyyətin ən böyük memarlıq abidələrindən biri kimi tanınan kilsə Parisdə Sena çayı sahilində yerləşir.

Kilsə tikilməzdən əvvəl onun yerində müxtəlif zamanlarda – Xristianlığın yeni yarandığı dövrdə Yupiterə həsr edilmiş Qal-Roma paqan məbədi, eyni zamanda erkən xristianlıq dövrünə aid böyük bazilikanın yerləşdiyi düşünülür.

Notr-Dam kilsəsinin tikintinə 1163-cü ildə kralı VII Lüdovikin vaxtında başlanılıb. Layihənin təşəbbüsü parisli yepiskop Loris de Syulli tərəfindən irəli sürülüb. Tikinti işləri təxminən 2 əsr davam edib. İdeya olaraq kilsənin bütün Paris əhalisinin yerləşə biləcəyi böyüklükdə olması planlaşdırılıb. O vaxt Parisin 10 minə yaxın əhalisi olub.

Tikinti işləri 2 əsrə yaxın davam edib, binanın tikintisi zamanı həm qotik, həm də roman memarlıq üslubunda elementlərdən istifadə olunub. Kilsədə böyük divar yoxdur. Bütün bünövrəni tağları birləşdirən sütunlar təşkil edir.

Fransa tarixinin müəyyən əhəmiyyətli hadisələri bu kilsə ilə əlaqəlidir. 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi burada baş verib. Krallar müharibələrə getməzdən öncə burada dua oxuyub. 1302-ci ildə IV Filipp parlamentin ilk iclasını burada çağırıb. VI Henrinin tacqoyma və 1804-cü ildə Napoleonun İmperator tacını qəbuletmə mərasimi bu kilsədə baş verib. Fransanın xalq qəhrəmanı Janna Darkın ölümündən sonra məhkəmə prosesi məhz bu kilsədə keçirilib və o bəraət alıb.

Fransa inqilabı zamanı xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edərək, kralların fasadda qoyulmuş heykəllərinin başlarını qoparıb. Həmçinin hücum zamanı bir sıra tarixi əhəmiyyətli əşyalar məhv edilib. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyindən bina dağılmaqdan xilas olub. Kilsədən ərzaq anbarı kimi istifadə edilməsinə başlanılıb.

Yalnız XIX əsrdə Viktor Hüqonun “Paris Məryəm Ana Kilsəsi” kitabı çıxandan sonra məşhur kilsənin bərpasına qərar verilib.

Kilsəyə ilə bağlı ən məşhur film “Notr-Damdan olan qozbel” filmidir. Müxtəlif illərdə bu filmin müxtəlif versiyaları və cizgi filmi çəkilib. Bu filmlər kilsəyə böyük turist axınına səbəb olub. Avropanın ən məşhur abidələrindən hesab olunan kilsəni ildə təxminən 14 milyondan çox turist ziyarət edir.

Kilsə 1991-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

  DİGƏR XƏBƏRLƏR