“10 min dollardan artıq kreditlərə kompensasiya veriləcək”

İlin sonunadək istənilən zaman bu kompensasiyaların ödənilməsi mümkündür

Bu həftə problemli kreditlərlə əlaqədar kompensasiyaların ödənilməsi müddəti başa çatır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov AzNews.az-a danışıb və bir sıra suallara aydınlıq gətirib.

– Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

– Kompensasiya almaq hüququ olan amma fərqli o cümlədən, texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər. Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onu hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, may ayında kompensasiya ala bilməyənlər, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək.

– Problemli kreditlərin restrukturizasiyası nə üçün yubanır?

– Kompensasiyaların sürətli verilməsinə rəğmən problemli kreditlərin restrukturizasiyası prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşımızın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşlarımızın problemli kreditləri restrukturizasiya olunacaq. Bu baxımdan, birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi və gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək.

– Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi?

– Bu məsələni ötən həftə izah etsəm də bununla bağlı suallar qalmaqdadır. Fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur. Həm Mülki Məcəllənin 477-ci maddəsinə, həm də yeni mexanizmə görə, kredit şərtləri dəyişdirildikdə zaminlik hüququna xitam verilir. Bu isə o deməkdir ki, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Sadəcə bura bir məqam var ki, bank yeni kredit müqaviləsində köhnə zaminin qalmasını istəyərsə və zamin bundan imtina edərsə, o zaman bank restruktrizasiya müqaviləsi bağlamaya bilər. Bu halda problemi kredit mövcud şərtləri ilə davam edəcək. Buna görə də, yeni müqavilədə zamin olmaması və ya yeni zaminlə anlaşma imzalanması üçün bankın razılığına ehtiyac var. Amma əgər, zamin olduğunuz kredit müqaviləsi artıq restruktrizasiya olunubsa və zaminlə əlaqə saxlanılmayıbsa, bu halda həmin zaminliyə xitam verilmiş hesab olunur.

– Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında formalaşdırılan Apellyasiya Komissiyasına müraciətlərə nə zaman cavab veriləcək?

– Qaydalara əsasən, apellyasiya müraciətlərinə 30 iş günü ərzində cavab verilməlidir. Bu isə təxminən 1 ay yarımdan çox zaman alır. Bu baxımdan, müraciətdən sonra iş günlərinin sayını hesablamaqla komissiyanın nə zaman müraciəti cavablandıracağını müəyyənləşdirmək olar.

– Apellyasiya Komissiyasının müsbət cavab verdiyi müraciətlər üzrə vəsait ödənişi necə həyata keçiriləcək?

– Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir. Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar.

– Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər?

– Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər. Məhkəmə vətəndaşımızın xeyirinə qərar qəbul etdiyi və bütün instansiyalar keçildiyi halda həmin şəxsə kompensasiya ödəniləcək.

– May ayında kompensasiyaların verilməsi bitir və əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödənilə bilərmi?

– Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mart ayında əsas məbləği 10 min dollardan çox olan kreditlərə differensial olaraq kompensasiyanın verilməsi barədə təkliflərini hökumətə təqdim edib. Yəni, biz 10 min dollardan çox olan kreditlərin ilk 10 min dollarına kompensasiyanın hesablanmasının tərəfdarıyıq. Məsələn, vətəndaşın 12 min dollar krediti olub və indiki qaydalara əsasən o kompensasiyadan yararlana bilmir. Biz təklif edirik ki, həmin kredit xəttinin 10 min dollarına kompensasiya hesablansın. Bu ay kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq bizim təkliflər qəbul olunarsa və rəsmi qərar olarsa, o halda 10 min dollardan artıq kreditlərə kompensasiya ödənilə bilər. Belə ki, proses ilin sonunadək davam edəcək. Buna görə də, rəsmi qərar olarsa, bu halda ilin sonunadək istənilən zaman bu kompensasiyaların ödənilməsi mümkündür. Belə qərar qəbul ediləcəyi halda böyük maliyyə yükü yaranmır və büdcənin mövcud imkanları ilə bunu etmək mümkündür. Buna görə də, ümid etmək istərdik ki, bu təklifimiz də qəbul olunacaq.

  DİGƏR XƏBƏRLƏR