Azərbaycanda türk futbol klublarının sevilməsinin səbəbləri

Natiq Muxtarlı: “Müşahidəmə görə, ölkəmizdə “Qalatasaray” azarkeşləri daha çoxdur

Mayın 19-da Türkiyənin “Qalatasaray” klubu 22-ci dəfə ölkə çempionu oldu. “Cim-bom”un bu çempionluğu qardaş ölkədə olduğu kimi Azərbaycanda da böyük coşqu ilə qarşılandı. Sanki ölkəmizin hər hansı bir klubunun azarkeşləri çempionluq sevinci yaşayırdılar.

Təsadüfi deyil ki, “Qalatasaray”la eyni gündə “Qəbələ” də Azərbaycan kubokunun qalibi oldu. Lakin bu barədə hər hansı bir coşqunun şahidi olmadıq. Ara-sıra sosial şəbəkələrdə statuslara rast gəldik. Bütün bunlar haqlı olaraq çoxsaylı müzakirələrə yol açır. Bununla bağlı ən müxtəlif mülahizələr səsləndirilir.

Onu da qeyd edək ki, Türkiyədə “Aslan”ların çempionluğu Azərbaycanda qardaş ölkənin üç böyük klubundan- “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”dan hansının fanatının daha çox olduğunu bir daha gündəmə gətirib. Doğrudur, əksər düşüncələrdə “Fənərbaxça” və “Qalatasaray”ın azarkeşlərinin çox olduğu yer alır. Bu da daha çox bu iki klubun əzəli və barışmaq rəqib olmalarından, Türkiyədə və Avropada ciddi uğur qazanmalarından irəli gəlir.

Картинки по запросу Natiq Muxtarlı

Komanda.az saytının redaktoru Natiq Muxtarlı türk klublarının ölkəmizdə populyar olmalarının səbəblərini bu cür sadaladı: “Ümumiyyətlə, futbol elə bir oyundur ki, onun sərhədi yoxdur. Bütün dünyada azarkeşlər yaşadıqları ölkələrdən asılı olmayaraq, həm də “Barselona”, “Real”, “Yuventus”, “Bavariya”, “Mançester Yunayted” azarkeşi ola bilərlər. Bu gün Avropanın nəhəng klubları Afrikada, Asiyada, Amerikada azarkeş “ovu”na xeyli vəsait xərcləyirlər. Və adlı-sanlı klubların dünyanın başqa nöqtələrində milyonlarla fanatları var. Azərbaycan da futbol dünyasının kiçik bir parçasıdır. Bəlkə də, futbol yeganə idman növüdür ki, burda hamı tolerant ola bilir. Yapon “Mançester Yunayted”ə, çinli “Barselona”ya, ekvadorlu “Bavariya”ya, koreyalı “Real”a azarkeşlik edir.

Bu baxımdan yanaşsaq, azərbaycanlı azarkeşlərin Türkiyə klublarına fanatlıq etmələri çox təbiidir. Azərbaycan yenicə müstəqillik əldə etdikdən sonra bizim azarkeşlər Türkiyə klublarına tərəf üz tutdular. Bunun nəyi pisdir ki? Bu, həm də uzun illərdir SSRİ (əslində Rusiya)  klublarına azarkeşlik etmiş fanatların “rus buxovu”ndan qurtulması üçün yaxşı vasitə oldu. Yeni gənclik də işığın, sevginin Rusiya tərəfdə yox, Türkiyə tərəfdə olduğunun fərqinə vardı. Futbol həm də bu yöndə müstəqil Azərbaycana yardım etdi. Müşahidəmə görə, Azərbaycanda “Qalatasaray” azarkeşləri daha çoxdur. Bunun da bəlli səbəbləri var. Çünki 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində “Qalatasaray” Avropada böyük uğur qazandı. Bu, həmin ərəfə idi ki, sovet klubların  “sevgi”dən imtina edən azərbaycanlı fanatlar özlərinə yeni klublar axtarırdılar. “Qalatasaray”ın UEFA kubokunu, Avropa Superkubokunu qazanması bir çoxlarının seçiminə təsir etdi.  Məncə, bu sıralamada 2-ci pillədə “Fənərbaxça” qərarlaşıb. “Beşiktaş” isə 3-cü yerdədir”.

İdman jurnalisti fikirlərinə bu cür davam etdi: “Bəli, mayın 19-da Türkiyədə çempion bəlli oldu, Azərbaycanda isə kubokun qalibi bilindi. Ancaq etiraf edək ki, azərbaycanlı azarkeşlərin bütün diqqəti Türkiyəyə yönəlmişdi. Azərbaycan kubokunun qalibinin hansı komanda olacağı fanatları o qədər də maraqlandırmırdı. Bunun çox ciddi səbəbləri var. Əsas səbəb isə Azərbaycanda əsl futbolun olmamağıdır. Ölkəmizdə futbol çox populyardır. Ancaq Azərbaycan futbolu populyar deyil. Sanki bizdə bütün dünyadan fərqli futbol oynayırlar. Azarkeşlərin xoşuna gəlməyən futbol. Bunun səbəbi isə futbola rəhbərlik edən qurumdan – AFFA-dan, klublardan qaynaqlanır. Azərbaycan futbolunda sağlam idarəetmə sistemi, sağlam rəqabət  mövcud deyil. Az qala hər kəs o fikirdədir ki, bütün oyunların nəticələri meydanda yox, AFFA-nın divarları arasında müəyyənləşir. Belə düşüncə hakimdir. Ancaq AFFA rəhbərliyi, klub funksionerləri bu düşüncəni dağıtmaq üçün iş görmürlər. Əksinə, onların atdıqları bütün addımlar, verdikləri bütün qərarlar belə düşüncənin möhkəmlənməsinə şərait yaradır. Elə götürək Azərbaycan kubokunun final oyununun Naxçıvanda keçirilməsi ilə bağlı qərarın verilməsinə. Bu addımla bütün azarkeşləri final oyununu stadiondan izləmək şansından məhrum etdilər. Hətta idman mətbuatının nümayəndələri də Naxçıvana gedə bilmədilər. Belə olan halda, Azərbaycan futboluna maraq niyə olsun ki? Azərbaycanda futbola böyük maraq var. Amma təəssüf ki, Azərbaycan futboluna maraq yoxdur”.

Cavanşir ABBASLI,

  DİGƏR XƏBƏRLƏR