Bakı küçələrində zibil və ya zibilqabı problemi – FOTO

Hər gün səhərlər işə gələndə yaşlı xadimələrin yollarda zibilləri təmizlədiyinin şahidi oluruq. Siqaret kötükləri, sərinləşdirici içkilərin qabları və ən nəhayət, tum qabıqları küçələrdə “göz oxşayır”.

Bu işdə bir çoxlarımız insan faktorunu qınayırıq. Həqiqətən də, bəziləri özlərini əziyyətə verib 5-10 metr kənardakı zibil qabılarına yaxınlaşmaq əvəzinə əllərindəki zibili hara gəldi atırlar.

Ancaq burada başqa bir fakta diqqət yetirməyə çalışaq. Şəhərimizin küçələrində hazırda zibil qabı probleminin mövcudluğu danılmazdır. Bəzi küçələrdə, parklarda insanlar zibilləri atmağa yer tapmırlar. Lakin bu da onların zibili istədiyi yerə atmasına bəraət qazandıra bilməz.

Əhməd Rəcəbli, Albert Aqarunov, Həsən Əliyev, Vaqif küçələrində, eləcə də, “Şəhriyar” parkında apardığımız kiçik müşahidələr onu göstərir ki, həqiqətən də, küçələrdə zibil qabı problemi nəzərəçarpacaq dərəcədə böyükdür.

Bəs bu problem nə vaxta qədər davam edəcək? Niyə Bakıda bu məsələyə biganə yanaşılır?

Oxu.Az olaraq, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimovla əlaqə saxladıq.

İ.Kərimov şəhərdə bu problemin olduğunu təkzib etmədi:

“Əvvəllər çuqun urnalardan istifadə edilirdi. Onlar yığışdırıldı. Bəzi yerlərdə yeni, müasir urnalar qoyulub. Müəyyən olunmuş yerlərdə yenidən urnaların qoyulması nəzərdə tutulub”.

Onun sözlərinə görə, bu gün şəhərdə yeni plastik zibil qabıları qoyulur.

“Həmin zibil qablarının qoyulması, zibillərin daşınması, bu məsələlərin idarə edilməsi ilə əlaqədar Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin nümayəndələri hazırda Bakı şəhərindədirlər.

Onlar Bakıda bununla bağlı konsepsiya hazırlayacaqlar. İlin sonunadək hazırlanacaq konsepsiyada həm şəhərin daxilində, həm də xaricində lazım olacaq zibil konteynerlərinin sayı müəyyən olunacaq. Bundan başqa, küçələrdə urnaların qoyulması da müəyyən ediləcək”, – BŞİH nümayəndəsi qeyd edib.

  DİGƏR XƏBƏRLƏR